Sarkisyanın danışdığı mənəvi-psixoloji böhranın dərin izi - erməni insanının dünyada imici necə tar-mar oldu...

 

Rasim Quliyev: “Azərbaycanın qələbəsindən sonra bu ölkədə yaşanan mənəvi-psixoloji böhran bütün sahələrə sirayət edib”

Ermənistanda həm siyasi, həm iqtisadi, həm sosial, eyni zamanda da mənəvi-psixoloji böhranın yüksək həddə olduğu məlumdur. Ermənistan müxalifəti də dəfələrlə bu məsələni gündəmə gətirib. Lakin son vaxtlara qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu inkar edir, “hər şeyin qaydasında olduğu”nu bəyan edirdilər.

Amma, görünür, daha Ermənistanın siyasi rəhbərliyi “cidanı çuvalda gizlədə bilmir”. Belə ki, Ermənistan prezidenti Armen Sarkisyan etiraf edib ki, 44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olmuş, ölkədə daxili qarşıdurma pik həddə çatıb. Göründüyü kimi, Ermənistanın rəhbər vəzifəli şəxsləri mövcud durumu etiraf edirlər. “Minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir. 26 il bundan əvvəl bizim güclü ordumuz var idi. Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf etmiş, müasir texnologiyalar tətbiq etmiş, Ermənistan isə arzusunu reallıq kimi qəbul etmişdir. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur.

Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq.

Ermənistan dizi üstə çöküb və durmalıdır. Ancaq necə? Hökumət istefaya getməlidir. Belə təlatümdən sonra istənilən hökumət mandat almalıdır. İndiki hökumət seçiləndə Ermənistan tam fərqli bir dövlət idi, indi isə ermənilər başqa bir dövlətdə yaşayırlar.

Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri. Onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir. Cəbhədən qayıdan yaralılar, hərbçilərlə kim məşğul olacaq? Onlar hardan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq -  səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. -  bütün sahələrdə böhrandır” - deyə A.Sarkisyan bildirib.

Ermənistan prezidenti açıq etiraf edir ki, onların ən ağır böhranı emosional-psixoloji böhrandır, tək dövlətçiliyə yox, erməni insanının imicinə də zərbə dəyib.

Bu nə deməkdir?

  • “...Ermənistan dövlətinin sonunun gəldiyinin etiraf edilməsidir”

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyev bizimlə söhbətində bildirdi ki, Sarkisyanın bu açıqlaması Ermənistandakı real vəziyyətin nə qədər acınacaqlı olduğunu sübut edir:  “Ermənistanda ən ağır böhranının emosional-psixoloji böhran olduğu ən yüksək səviyyədə, prezident tərəfindən etiraf edilir. Bu o deməkdir ki, Ermənistan diz üstə çöküb. Müharibədən sonra Ermənistanda daha da dərinləşən, artıq gizlədilməsi mümkün olmayan emosional-psixoloji böhran nəticəsində vəziyyət daha da gərginləşib. Burada söhbət təkcə mənəvi-psixoloji böhrandan getmir, həm də qarşısıalınmaz siyasi hakimiyyət böhrandan gedir. Sarkisyan özü də etiraf edir ki, prezident olsa da, onun heç bir səlahiyyəti yoxdur. Sarkisyan deyir ki, ölkəni şəxslər idarə edir, halbuki, dövlət strukturla idarə olunmalıdır. Söhbət ondan gedir ki, Sarkisyan Ermənistanın müharibədəki məğlubiyyətdən sonra düşdüyü acınacaqlı durumu təhlil edib. Sarkisyanın etiraflarından aydın görünür ki, faktiki olaraq, Azərbaycanın qələbəsindən sonra bu ölkədə yaşanan mənəvi-psixoloji böhran bütün sahələrə sirayət edib, Ermənistanın, erməni xalqının mifik imici darmadağın olub. Eyni zamanda da bu ölkədə ciddi hakimiyyət böhranı yaranıb, mövcud hakimiyyət xalqı idarə edə bilmir. Xalqla hakimiyyət, hakimiyyətlə siyasi partiyalar arasında ciddi böhran, parçalanma, qarşıdurma mövcuddur. Təsəvvür edin ki, erməni xalqının nə müxalifətlə, nə də hakimiyyətlə münasibətləri normal deyil, Ermənistanı xalq bir tərəfə, müxalifət bir tərəfə, hakimiyyət də başqa tərəfə dartıb aparır. Ermənistanda üç istiqamət üzrə bölünmə var və bunlar hamısı da mənəvi-psixoloji və siyasi hakimiyyət böhranı ilə bağlıdır”.

Ermənistanın hərtərəfli böhran içində çabalamasına səbəb olan amilin yalnız müharibənin nəticələri ilə bağlı olmadığını, burada hökumətin pandemiya ilə əlaqədar yarıtmazlığının da əsas rol oynadığını deyən R.Quliyevin fikrincə, bütün bunlar bir yerdə Ermənistanda mövcud böhranın daha da dərinləşməsinə şərait yaradıb. “Ermənistanın həm müharibədən məğlub çıxması, həm də pandemiyanın qarşısının alınmaması, dövlətin bu problemin öhdəsindən gələ bilməməsi, sosial-iqtisadi problemlərin həddən artıq çox olması göz önündədir. Müharibə də məğlub Ermənistanı sosial-iqtisadi baxımdan daha da ağır vəziyyətə salıb. Ermənistan hökuməti müharibədə döyüşən əsgərlərin əməkhaqqını belə verə bilməyəcək durumdadır, onların maaşlarını vermir. Dövlət qulluqçularının əməkhaqqını kəsiblər. Ermənistandakı böhran nəticəsində həm də hərbi struktur tamamilə darmadağın olub, Ermənistan ordusu yox dərəcəsindədir. Sarkisyan özü etiraf etdi ki, burada təkcə Ermənistanın deyil, bütün erməni xalqının mənəvi-psixoloji böhranından söhbət gedir, ermənilər çox ağır vəziyyətə düşüblər. Əslində, bu böhranın Armen Sarkisyan tərəfindən dilə gətirilməsi Ermənistan dövlətinin sonunun gəldiyinin etiraf edilməsidir.    

Ermənistanı bu böhrandan çıxarmaq üçün canfəşanlıq edən dövlətlər və qüvvələr çalışırlar ki, bu dövləti yox olmaqdan xilas etsinlər. Bu dövlətlər və qüvvələr Cənubi Qafqazda Ermənistan adlı bir dövlətin mövcudluğunu davam etdirməsi üçün hər cür yardımlar edirlər.

Bir məsələni də qeyd etməliyəm ki, Sarkisyanın keçirdiyi müşavirədə, yaxud mətbuat konfransında hökumətin digər üzvlərinin iştirak etməməsi Paşinyanla onun arasındakı qarşıdurmadan xəbər verir. O deyir baş nazir istefa verməlidir, amma baş nazir istefa vermir. Eyni zamanda, Ermənistandakı dövlət böhranının bir göstəricisi də odur ki, Armen Sarkisyan bu müşavirəni rus dilində aparırdı. Niyə rus dilində aparırdı? Ermənistanın dövlət dili rus dili deyil axı. Bu özü də diqqətçəkən məqamdır” - deyə R.Quliyev qeyd etdi.