Ermənistanda müharibə sonrası antisemitizm dalğası İsraili hərəkətə gətirdi - Dövlət və cəmiyyət ayaqda…

 

Rasim Quliyev: “İsrailin bu məsələyə daha həssas yanaşması təbiidir, çünki Ermənistanda antisemitizm nümunəsi var”

İsrailin “JewishPress” portalı son zamanlar Ermənistanda antisemit əhval-ruhiyyənin hökm sürməsi fonunda yəhudi abidələrinə qarşı vandalizm faktlarının artması ilə əlaqədar məqalə yayıb. Məqalədə İsrailin rəsmi qurumlarının və ölkə ictimaiyyətinin xoşagəlməz hadisələrə reaksiyası əksini tapıb.

Məqalədə bildirilir ki, İsrailin Diaspor İşləri üzrə Nazirliyinin 2020-ci ilin yekunlarına dair hesabatında İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda antisemitizm ruhunda çıxışların artması qeyd olunur:

“Rəsmilər və erməni cəmiyyəti tərəfindən həyata keçirilən antisemit hücumlarda İsrail dövlətinin və yəhudi xalqının tarixən erməni xalqına və dininə qarşı cinayətlər törətdiyi iddia olunur. Qarabağdakı müharibədən sonra belə hücumların sayı indiyədək görünməyən həddə çatıb. Ermənistan mediasında İsrailin Azərbaycana silah satışının yerli əhali arasında böyük qəzəbə səbəb olduğu və bununla əlaqədar ölkədə antisemit şüarların səsləndirildiyi nümayişlərin keçirildiyi bildirilir. İş o həddə çatıb ki, Ermənistanın baş naziri də İsraili Qarabağda guya erməni soyqırımına dəstək verməkdə günahlandırıb”.

Həmçinin hesabatda, Ermənistanın əksinə olaraq, Azərbaycanda plüralizmin, multikulturalizmin, dini dözümlülük və tolerantlığın dövlət siyasəti səviyyəsində olduğu qeyd edilir:

“2020-ci il ərzində Azərbycanda heç bir antisemit əhval-ruhiyyəli insident qeydə alınmayıb. Hərçənd, pandemiya bir çox dünya ölkələrində antisemitizmi daha da gücləndirib. Əksinə, Qarabağ müharibəsindəki qələbədən sonra azərbaycanlılar bütün ölkə boyu İsrail bayrağını dalğalandırıblar”.

Məqalədə qeyd olunur ki, bu yaxınlarda İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış “Yaşamaq və unutmamaq” adlı memorial abidənin təhqir olunması Dünya Yəhudi Konqresi tərəfindən pislənilib. Konqresin yaydığı bəyanatda bildirilib ki, İrəvandakı Holokost memorialının mənfur antisemit qrafiti ilə cızmaqara edildiyini görmək çox dəhşətlidir.

Həmçinin yazıda ravvin Zamir İsayevin də sözügedən faktla bağlı “Twitter” sosial şəbəkəsində etirazını bildirməsi öz əksini tapıb: “Bu nə biabırçılıqdır. İrəvanda Holokost qurbanlarının abidəsi alçaldılıb. Ermənilər Holokost memorialının təhqir edilməsini İsrailin Azərbaycana silah satması ilə necə əsaslandıra bilər axı? Bu kiməsə abidəni ləkələmək hüququ verirmi?”.

Ermənistanda müharibə sonrası baş qaldıran və İsraili də hərəkətə gətirən antisemitizm dalğası ilə bağlı ekspertlər nə düşünür?

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, monoetnik ölkə olan Ermənistan bu siyasətə İkinci Qarabağ savaşından sonra start verməyib: “Bunun əsası SSRİ-nin dağılmasından dərhal sonraya təsadüf edir. Xaricdəki güclü erməni diasporu Ermənistanın daxilində daima zərərli ideologiyaları yayıb. Onlarda radikal millətçilik həmişə üstünlük təşkil edib. Bunun da əsasında erməni terrorçuluğu “çiçəklənib”. Fikir verin və görün dünyada nə qədər erməni terror təşkilatı var. Belə tərbiyə alan şəxslər daima başqa dövlətlər tərəfindən istifadə edilib. Bu yöndə olan əlaltılardan biri də Qaregin Njde olub. Qaregen Njde heç də ermənilərin təqdim etdiyi kimi ideoloq olmayıb. Faşist və qəddar düşüncəyə sahib icraçı olub. Bilirsiniz ki, faşizmin kökündə duran tələblərdən biri də antisemitizmdir. Ermənilər Njdeyə dövlət səviyyəsində heykəl ucaldırlarsa, deməli, bunun kökləri dərinə gedib çıxır. İkinci Qarabağ savaşından sonra Ermənistanda baş verən mənəvi və psixoloji böhran cəmiyyətin dözümlülüyünü tamamilə sıradan çıxarıb. Bu səbəbdən də erməni millətçiləri onları yalnız mənfi ideologiyalarla ayıltmağı düşünür. Son vaxtlar Ermənistanın rəsmi şəxsləri də ölkədəki monoetnikliyi tənqid edir. Mədəniyyət nazirinin xanım müavini demişdi ki, cəmiyyət njdeizmlə uzağa gedə bilməz. Həmin qadının bu çağırışı Ermənistanda şok effekti verdi. Onlar özlərindən başqa heç kimi qəbul etmirlər. Biz bunu işğal altında olan mədəni və dini abidələrimizə münasibətdə də gördük. Biz isə müharibəni də qaydalara uyğun şəkildə apardıq. Bir dənə də olsun mədəniyyət abidəsini və ya dinc sakini hədəf götürmədik. Bizim cəmiyyət dünyaya mültikulturallıq nümunəsi göstərir. Bu məsələyə münasibətdə onlarla bizim aramızda dərin fərq var. İsrailin bu məsələyə daha həssas yanaşması təbiidir. Çünki Ermənistanda antisemitizm nümunəsi var. Onun da ideoloqu Adolf  Hitlerdi. Həmin ideyanın  icraçılarından biri isə Njdedir ki, Ermənistan onu özünə kumir seçib”.

Məhəmmədəli QƏRİBLİ