Ermənistan Kəlbəcərə 10 gün möhlət oyununu başqa rayonlara münasibətdə də oynaya bilərmi...

Məlum olduğu kimi, Ermənistan Kəlbəcərin tam boşaldılması üçün  əlavə 10 gün, yəni 25 noyabra qədər vaxt istəyib. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ermənilərin bəyanatda qeyd edilən rayonlardan çıxarılma işləri davam edir: “Ermənistan Rusiya vasitəsilə Azərbaycandan 25 noyabra qədər vaxt istəyib.Bəyanatın tələblərindən biri noyabrın 15-dək Kəlcəbərdən çıxarılması idi. Lakin Ermənistan tərəfi Rusiya vasiəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Buna görə də Azərbaycan tərəfi humanizmdən çıxış edərək,  noyabrın 25-dək qanunsuz məskunlaşan mülki əhali və Ermənstan Silahlı Birləşmələrinin üzvlərinin çıxarılımasına icazə verib”.

H.Hacıyev qeyd edib ki, əvvəlcədən razılaşdırılmış təqvimə uyğun olaraq, noyabrın 20-də Ağdam rayonundan, 1 dekabradək Laçin rayonundan qanunsuz məskunlaşan ermənilər çıxarılacaq. Görürük ki, Azərbaycan humanizm göstərərək işğalçıların Kəlbəcərdən çıxması müddətini 10 gün uzatdı. Ancaq razılaşmanın icrasına məsul olanlar ermənilərin törətdiyi cinayətlərin qarşısını almaqda o qədər də maraqlı görünmürlər. Həmin razılaşmadan sonra ermənilərin Kəlbəcərdə işıq dirəklərini sökdükləri, meşələrə divan tutduqlarına dair yeni videolara rast gəlinir. Bütün bunlar Azərbaycan əhalisində haqlı nazarazılıq yaradır ki,  Ermənistan digər iki rayonla da bağlı tərketmə prosesini düşünülmüş şəkildə yubada bilər. Ermənistanın  rayonların boşadılması ilə bağlı əldə edilən razılaşmanın şərtlərini poza bilmə ehtimalı nə dərəcədə inandırıcı sayıla bilər?

  •  “Üç rayondan Ermənistan silahlı qüvvələrinin çıxarılması qrafikə uyğun aparılmazsa, bizim seçimimiz bəllidir”

 

“Resurs” Analitik İnformasiya Mərkəzinin  rəhbəri  Rasim Quliyev  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Azərbaycan ictimaiyyəti  bu prosesləri çox diqqətlə izləyir: “Hamı politoloq, hüquqşunas olmadığı üçün,  hərə məsələyə öz rakursundan yanaşır və sosial şəbəkələrdə fikirlərini yazır. Bu da, təbiidir ki, müəyyən sualların yaranmasına səbəb olur. İctimai rəydə belə bir düşüncə vardı ki, biz erməniləri axıra qədər vurub Qarabağdan çıxarmalıydıq. Hesab edirəm ki, münaqişənin ən düzgün  həll yolu məhz ölkə rəhbərliyinin seçdiyi yol idi.  Ermənistan və Rusiyanın müəyyən öhdəlik götürərək, həmin bəannamənin rəsmiləşdirilməsi fonunda bizim qələbəmiz reallaşmış oldu. Biz analitik mərkəz olaraq  imzalanan sənədi hərtərəfli tədqiq etmişik. Cənab Putinlə Nikol Paşinyanın həmin sənədə imza atamaları artıq Azərbaycanın qələbəsi anlamına gəlirdi. Bunu birmənalı olaraq bildirirəm. Gələcəkdə bunun daha geniş izahını vermiş olacağıq. Biz həm siyasi, həm də hərbi müstəvidə qələbə çalmış olduq. Üç rayondan Ermənistan silahlı qüvvələrinin çıxarılması qrafikə uyğun aparılmazsa bizim seçimimiz bəllidir. Yenə erməniləri hərbi meydanda başa salmağa məcbur olacağıq. Burada təhlükəli heç nə yoxdur. Yaxşı olar ki, ermənilər onları tam məhvdən xilas edən  öhdəliklərin qrafik üzrə yerinə yetirilməsini həyata keçirsinlər. Ermənistan bizim müharibədə nəyə qadir olduğumuzu gördüyü üçün öhdəlikdən yayınmağın nəyə səbəb ola biləcəyini bilir. Əgər bu öhdləliklər yerinə yetməzsə, onda Rusiyanın da nüfuzuna ciddi xələl  gətirilmiş olar. Çünki həmin sənədlə bağlı qarantorluğu Rusiya üzərinə götürüb. Hadisələri qabaqlamayıb, dekabrın 1-nə kimi səbr edək. Ondan sonra biz hansı addımları atacağımızı biləcəyik”.

Ekspertin sözlərinə görə, hətta Ermənistan qrafik üzrə   rayonları vaxtında tərk etsə belə, onların davranışlarını sülhmərəmlılar yaxından izləməli, təbiətə, evlərə qarşı vəhşilik törətmələrinə imkan verməməlidir.

Məhəmmədəli QƏRİBLİ