Türk Akademiyasının yerləşdirilməsi qaydaları və şərtləri müəyyənləşib

Türk Akademiyasının yerləşdirilməsi qaydaları və şərtləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti “Qazaxıstan Respublikası Hökuməti ilə Türk Akademiyası arasında Türk Akademiyasının yerləşdirilməsi qaydaları və şərtləri haqqında” Sazişin təsdiq edilməsi haqqında” Qazaxıstan Respublikasının Qanununu imzalayıb.

Qeyd edək ki, Türk Akademiyası Qazaxıstanda yerləşən və bütün əsas sənədləri təsisçi dövlətlər tərəfindən təsdiq edilən ilk beynəlxalq təşkilat kimi tarixə düşüb.

Türk Dövlətləri Təşkilatının 2009-cu ildə Naxçıvan Sammitində yaradılmasına qərar verilən, bir il sonra Astanada fəaliyyətə başlayan, 2014-cü ildə beynəlxalq təşkilat statusu alan Türk Akademiyasının Vyana Konvensiyasına uyğun olaraq diplomatik toxunulmazlığa malik təşkilat kimi rolu indiki geosiyasi şəraitdə daha da artacaq.

Hazırda Türk dünyasında elm və təhsil sahəsində əməkdaşlığı əlaqələndirən, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və irsini təbliğ edən nadir akademik və intellektual təşkilat kimi Akademiya dünya türkologiya elminin mərkəzinə çevrilməkdədir.

Elmi-tədqiqat mərkəzindən beynəlxalq təşkilata çevrilən Akademiya artıq fundamental təşkilatlarla bərabər statusa, sistemləşdirilmiş qrafikə, büdcəyə, yeni inzibati binaya və strukturlaşma mərhələsini başa çatdırmaq üçün böyük imkanlara malikdir.