Şəkidə aparılan arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkarlanıb

Avqustun 15-dən sentyabrın 14-nə kimi Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində keçən il başlamış arxeoloji tədqiqatları davam etdirib.

1 və 2 saylı qazıntı sahələrində qazıntı işləri davam etdirilməklə yanaşı, yeni 4 saylı qazıntı sahəsində tədqiqatlar başlayıb. Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Qazaxıstan tərəfindən tanınmış alim, Alman Arxeoloji İnstitutunun müxbir üzvü, professor Zeynolla Samaşev rəhbərlik ediblər.

Bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxıb. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edilib. Bunlar Antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olunub.

1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində Antik dövrün müxtəlif mərhələlərinə aid 4 qəbir aşkarlanıb. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc əşyalar, dəmir silahlar, pasta muncuqlar, həmçinin insan və heyvan qalıqları tapılıb.

Qazıntı işləri dronla aparılmış aerofotoçəkiliş vasitəsilə sənədləşdirilib, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınıb.

Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilməyiblər. Buna baxmayaraq, builki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.