Muzeyin kolleksiyasında Şuşanın tarixi abidələrini əks etdirən rəsm əsərləri qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında vaxtilə AMEA Memarlıq və İncəsənət institutunun professoru olmuş Qəzənfər Əlizadənin Azərbaycanın bir çox dilbər guşələrini əks etdirən rəsm əsərləri mühafizə olunur.

Muzeydən AZƏRTAC-a bildirilib ki, bu nümunələrdən görkəmli memar-rəssamın Şuşa şəhərinə həsr olunmuş “Gövhərağa məscidinin qoşa minarəsi” və “İbrahimxəlil xanın qalası” adlı əsərlərini xüsusi vurğulamaq olar. Muzeyin Təsviri materiallar fondunda qorunan həmin əsərlər müəllif tərəfindən təxminən 1950-ci illərdə çəkilib.

Geniş yaradıcılığa malik memar-rəssam Q.Əlizadə şəhər memarlığına da töhfələr verib, onun layihələri əsasında 1958-ci ildə Azərbaycan Dövlət Milli Dram Teatrının binası, 1960-cı ildə isə "Azərbaycanfilm" kinostudiyasının əsas binası inşa edilib.

Təqdim olunmuş dəyərli təsviri sənət nümunələri Şuşa memarlıq abidələri və incəsənətinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.