Azərbaycanın filiz faydalı qazıntıları

Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər.

Dəmir filizləri (maqnetit, hematit) Azərbaycan Respublikasında dörd mənşədə rast gəlir: seqrasion-maqmatik skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik və çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi Daşkəsən və «Dəmir» yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu yataqlar Kellovey, Oksford, Kimeric yaşlı vulkanogen, piroklaastik və çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur. Daşkəsən sinklinalını ox boyu yaran eyni adlı qranitoid intruziv ilə təmasda yerləşir və mənşəcə bu intruzivlə əlaqədardır. Daşkəsək dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250mln.tondur.

Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsək filiz rayonunda məlumdur. Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.

Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar iştirak edirlər. Hal-hazırda qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, Kələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir.

Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, İpək, Xatəvəng və s.), əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir.

Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın Somxeti-Ağdam (Mollacəlilli, Daş Salahlı və s.), Böyk Qafqazın Vəndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-formasiya zonalarında məlumdur.

Mis filizləri Azərbaycan Respublikasında mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenit də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur.

Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur.

Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göy-göl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur.

Qurguşun-sink Böyük Qafqazın Balakən-Zaqatala metallogenik zonasında sənaye əhəmiyyətli yataqlar (Filizçay, Katex, Qasdağ və s.) əmələ gətirir. Bu yataqlarda həmçinin külli miqdarda sənaye əhəmiyyətli mis və kadmium, kobalt, qızıl, gümüş və s. var. Bu elementlərin Kiçik Qafqazda yataqları və bir sıra təzahürləri (Mehmana, Ağdərə və Gümüşlü) məlumdur.

Molibdenin damar tipli yataqları və təzahürləri Dəlidağ (Teymuruçandağ, Bağırsaq və s.) və Ordubad filiz rayonları da (Parağaçay Diaxçay) təsadüf edilir.

Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə alüminium zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.

Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.

Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının - Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur.

Sürmə müstəqil yataqlar təşkil etmir. Sürmə antimonit mineralı şəklində Levçay civə yatağında kinovarla birlikdə yığıntılar əmələ gətirir.

Mərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları Gədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ auripiqment-realqar yatağı) rayonlarında məlumdur. Bu yataq 1941-ci ilədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. Filizin tərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən ibarətdir.

Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.

Qızıl Yataqları

Gədəbəy qızıl yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşir. Yataq 2003-2005-ci illərdə kəşf edilmişdir. Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur. Yatağın işlənilməsi üçün ilk dəfə 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir.

Azərbaycan hökuməti tərəfindən təsdiq edilən və 2005-2009-cu illəri əhatə edən 4 illik İş Proqramı əsasında Gədəbəy, Qoşa və Ordubad kontrakt sahələrində geoloji-kəşfiyyat işlərinə başlanıb. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2006-2007-ci illərdə Gədəbəy Kontrakt Sahəsində yerləşən eyniadlı qızıl-mis yatağında almaz və əks-sirkulyasiya üsulları ilə ümumi dərinliyi 17700 metr olan 146 kəşfiyyat quyusu qazmaqla yatağın filiz ehtiyatlarını qiymətləndirib. Quyuların maksimum dərinliyi 270 metr olub. Əksər quyularda yer səthindən 120 metr dərinlikdə filizləşmə zonası kəsilməsinə baxmayaraq, dərinlik üzrə etibarlı məlumat əldə etmək məqsədi ilə qazma işləri davam etdirilib. Layihəyə mal-material, iş və xidmətlər ilə bağlı 50-yə yaxın subpodratçı təşkilat cəlb olunub. Kəşfiyyat, tikinti-quraşdırma işlərinə və avadanlığa ümumilikdə 60 milyon dollardan çox vəsait sərf edilib.

 Qızılbulaq yatağı – Ağdərə rayonu ərazisində, Ağdam şəhərindən 63 km şimal-qərbdə yerləşir. Yataqda dəqiq kəşfiyyat işləri aparılmış, ehtiyatları hesablanmış və təsdiq edilmişdir. Yataq qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlər əsasən piritdən, xalkopiritdən, markazitdən, sfaleritdən, xalkozindən, kvarsdan və s.-dən ibarətdir. Filizdə qızılın orta miqdarı 4,0 q/t, gümüş - 5,4 q/t, mis – 1,41 % təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş və mis; yanaşı komponentlər selen, tellur və kükürddən ibarətdir.

 Dağkəsəmən yatağı – Qazax çökəkliyinin mərkəzi hissəsində, Qazax şəhərindən 1,5-2 km cənubda yerləşir. Yataqda 10-dan artıq kvars-qızıl-polimetal damarı aşkar olunmuşdur.  Zonaların ümumi uzunluqları 1300 m-ə qədərdir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş, mis, qurğuşun və sinkdir. Filizdə qızılın miqdarı 1 q/t-dan 30 q/t-a qədər, gümüş 10 q/t-dan 50 q/t-a qədərdir.

  Qoşa yatağı – Gədəbəy filiz rayonunun qərb hissəsində, Tovuz şəhərindən 30 km cənubda yerləşir. Yataq daxilində 9 damar tipli qızıllı sulfid zonaları ayrılmışdır. Bu zonaların əksəriyyəti şimal-qərb və meridiana yaxın istiqamətdə uzanırlar, onların qalınlığı 2,0 m-dən 15 m-ə qədərdir. Bu zonalarda filiz kütlələrinin qalınlığı 0,5-3,0 m təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl və gümüşdür. Şimal qərb istiqamətləri zonalarda qızılın miqdarı 4-8 q/t; meridional zonalarda isə 10 q/t-a qədər olmaqla tək-tək sınaqlarda 1000 q/t-a çatır. Laboratoriya şəraitində hazırlanmış texnoloji sxemə əsasən flotasiya üsulu ilə tərkibində 35,6 % qızıl olan konsentrat alınır.

Zod yatağı - Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» Idarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRI Geologiya Idarəsi və Ermənistan Əlvan Metallurgiya Idarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır.

Vejnəli yatağı – Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4-5 km məsafədə yerləşir. Yataq kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataq daxilində 25 qızıllı damar aşkar edilmiş və qiymətləndirilmişdir. Sənaye əhəmiyyətli qızıl ehtiyatları kvars-xalkopirit, kvars-karbonat-pirit-xalkopirit tərkibli 6 damarda toplanmışdır. Bütün filiz damarlarının ətraf süxurlarla təması kəskindir və qalınlıqlarının 10 sm-dən 4,0 m-ə qədər dəyişkən olması ilə səciyyələnirlər. Filizdə əsas faydalı komponent qızıldır. Ondan əlavə çıxarıla biləcək miqdarda gümüş, mis, tellur, bismut iştirak edirlər. Qızıl filizdə böyük ölçülüdür, «sərbəst» qızılın miqdarı 9,8 %, birləşmə halında isə 85,3 % təşkil edir. Filizlərin qravitasiya-flotasiya sxemindən istifadə edilməklə zənginləşdirilməsi nəzərdə tutulmuşdur. 96,52 % qızıl, 97,38 % gümüş, 95,9 % tellur və 65 % bismut çıxarıla bilər. Yataq sənaye istifadəsinə hazırlanmışdır.

Ağyurd yatağı – Ordubad rayonunda, Ordubad şəhərindən 40 km şimal-qərbdə yerləşir. Yataq Mehri-Ordubad qranitoid massivinin endokontaktında təşəkkül tapmışdır. Damar və damar zonalarından ibarət filiz kütlələri qızıl-sulfid-kvars formasiyasına aid edilirlər. Filizdə əsas minerallar pirit və xalkopirit, ikinci dərəcəli minerallar – maqnetit, pirrotin, sfalerit, molibdenit və s.-dirlər. Qızıl filizdə əsasən sərbəst şəkildə (54 %) və sulfidlərdədir (50-55 %). Əsas faydalı komponentlər qızıl, gümüş və misdir. Filizlər qravitasiya+flotasiya sxemi əsasında zənginləşdiriləcəklər ki, bu zaman filizdən qızılın 85 %-ni çıxarmaq olar.

Pyəzbaşı yatağı – Ağyurd yatağından 2,0-2,5 km qərbdə, Mehri-Ordubad massivinin ekzokontaktında, paleogen yaşlı vulkanogen-çökmə süxurlarda yerləşir. Yatağın daxilində 50-yə qədər kvars-sulfid damarları məlumdur. Onlardan 5-i nisbətən dəqiq qiymətləndirilmiş və sənaye əhəmiyyəti kəsb edir. Damarların qalınlığı 0,2 m-dən 1,5-2,0 m arasında dəyişir və əsasən kvars və piritdən təşkil olunmuşlar.  Yatağın istismarı Ağyurd yatağı ilə birgə, eyni texnoloji sxem üzrə vahid saflaşdırma fabrikində həyata keçiriləcəkdir.

Şəkərdərə yatağı – Pyəzbaşı yatağından1,8-2,0 km cənubda yerləşir və yer səthindən 60-100 m dərinlikdə mağaralarla öyrənilmişdir. Əsas filizdaşıyan və filizsaxlayan struktur şimal-qərb istiqamətli (2900-3200) Nüsnüs-Kələki-Məzrə dərinlik qırılmasıdır ki, o andezit tərkibli lava-piroklastik süxurların böyük qalınlıqda kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş zonası ilə təmsil olunmuşdur.

Filiz kütlələrinin iki morfoloji tipi ayrılır: uzunluğu 1000-1200 m, qalınlıqları 2-5 m-dən 13-20 m-ə qədər dəyişən damar zonaları və 850-900 m məsafədə uzanan və dəyişgən qalınlıqlı (90-100 m-dən 300-350 m-ə qədər) damarcıq-möhtəvi sulfid minerallaşması daşıyan metasomatitlər zolağı. Əsas faydalı komponentlər – qızıl, gümüş və misdir.

Ağduzdağ yatağı – Kəlbəcər rayonunun cənub-şərqində yerləşir. Yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılmışdır ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunmuşdur. Qızılın orta miqdarı 6.72 q/t olmuşdur. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1.5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına yatağın ehtiyatlarının 3-4 dəfə artırılması ehtimalı mövcuddur.  

Çovdar yatağı – Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur.  Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t-  dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir. 

Başkəndçay səpinti qızılı yatağı – Naxçıvan MR-da Başkəndçayın aşağı axımında, onun Əlincəçayla birləşdiyi yerdən Xoşkeşin şəlaləsinə qədər 1500 m-lik intervalı əhatə edir. Allüvial çöküntülərin müxtəlif terras səviyyələrində və delüvial çöküntülərdə sənaye əhəmiyyətli səpinti qızıl toplantıları müəyyən edilmişdir. I terras səviyyəsində qızılın miqdarı 294-448 mq/m3, II terras səviyyəsində 248-464 mq/m3arasında dəyişir. Delüvial çöküntülərdə qızılın miqdarı ayrı-ayrı sınaqlarda 172-685 mq/m3-a çatır. Yuxarı terras səviyyələrində qızılın daha çox toplandığı yatacaq səthinin açılmadığını nəzərə alsaq yatağın ehtiyatlarının daha çox olduğunu güman etmək olar.

Kürəkçay səpinti qızılı yatağı – Kürəkçay hövzəsində eyniadlı çayın Çaykənd-Dozular kəsimində yerləşir. Yataqda axtarış-qiymətləndirmə işləri aparılmış və o sənaye istismarına hazırlanmışdır. Allüvial çöküntülər kənar miqdar 50 mq/m3 qəbul edilməklə hüdudlandırılmışdır. 

1 aprel 2015-ci il statistikasına görə dünyanın ən çox qızıl ehtiyatı olan olkələr sırasında Azərbaycan 54 sırada 30.2 t.

URAN

 Azərbaycanda, Naxçıvan Muxtar Respublikası ərazisində Əshabi-Kəhf ziyarətgahının ətrafında yerləşən ərazidə uran yatağı aşkarlanıb. Mahmudlu mis-uran yatağı adlanan ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bu yataqda ilkin qiymətləndirmə işləri də aparılıb. Orada uran ehtiyatları qeydə alınıb. Bu yataqda uranla yanaşı, mis də aşkarlanıb".

"Əshabi-Kəhf ziyarətgahının özündə ərazi üçün spesifik olan 10-15 mikrorentgen arasındadır və normaya uyğundur. Lakin yatağın aşkarlandığı ərazidə radiasiya ekspozisiyasının gücü 60 mikrorentgendən 1000 mikrorentgenə qədər dəyişir. Burada təbii radiasiya fonundan 100 dəfə artıq olan qamma şüalanmanın olduğu lokal ərazilər var. Bu radiasiya isə uran süxurlarının hesabına formalaşır. Hazırda həmin ərazidə heç bir yaşayış məntəqəsi yoxdur. O nöqteyi-nəzərdən heç bir təhlükə yoxdur. Təhlükə altında yalnız həmin ərazidə öz sürülərini otaran çobanlar ola bilər. Bu isə onların həmin ərazidə keçirdikləri müddətdən asılıdır".

Tədqiqat mərkəzinin sədr müavini vurğulayıb ki, ziyarətgahın özündə və oraya aparan yolda radiasiya fonunun miqdarı 20 mikrorentgendən yuxarı deyil:

"Bu isə insan sağlamlığı üçün hər-hansı bir təhlükə vəd etmir. Orada bir gün vaxt keçirsən belə, bu radiasiya fonu insan sağlamlığına təsir etmir. Ancaq ziyarətgaha gedən yolda müəyyən yerlər var ki, uran yatağının qırılmaları oradan keçir. Yolun ətrafında 20 metr uzunluğunda bir ərazidə yüksək radiasiya müşahidə olunur. Lakin nəzərə alsaq ki, həmin 20 metri avtomobillə bir neçə saniyəyə keçirsən, piyada gedəndə isə bir neçə dəqiqə təmasda olursan. Bu müddət ərzində həmin ərazidə olmaq insan sağlamlığı üçün elə də ciddi radiasiya riski törətmir. Belə fona malik ərazilərin üzərində ev tikib yaşayarsınızsa, bu, ciddi fəsadlara səbəb ola bilər.

Çox təəssüf ki, Naxçıvan Muxtar Respublikasında olan problemlərdən biri də əhəng daşı karyerləri olmadığı üçün yerli sakinlərin tikinti materialı kimi bu tipli ərazilərdən, xüsusilə Culfa rayonunun Qahab kəndində olan dağ süxurlarından istifadə etməsidir. Elə olur ki, belə dağ süxurlarından bəziləri yüksək radiasiya saxlayır. Bu cür süxurlardan tikilən evlərdə yaşamaq isə olduqca təhlükəlidir".

Cəlal Nağıyev eyni zamanda vurğulayıb ki, Azərbaycanda uranın olduğu digər ərazilər var. Məsələn, Naxçıvanın digər bölgələrində (Əlincə qalası, Darıdağ, Sirab adlı ərazilərdə), Quba, Xızı Şamaxı rayonu ərazisində uran var:

"Ancaq bu ərazilərdə aşkarlanan uranın miqdarı həmin ərazilərin uran yataqları statusunun almasına imkan vermir. Lakin bu ərazilərdə əlavə elmi-tədqiqat işləri də aparılmalıdır. Ola bilsin ki, bu işlər aparıldıqdan sonra Azərbaycanda uran yataqlarının sayı artsın".