AZƏRBAYCAN XIV ƏSRİN İKİNCİ YARISI-XV ƏSR DÖVLƏTLƏRİ

Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın Azərbaycana hücumları.

Qaraqoyunlu dövləti.

 Ağqoyunlu dövləti.

 XV əsrdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət.

Qaraqoyunlu dövləti

 

Ağqoyunlu dövləti 

 

 Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri Canı bəy, oğlu Bərdi bəyi Təbrizə səltənətə qoyub, Qızıl Orduya qayıtdı. Bərdi bəy atasının ölüm xəbərini aldıqda Təbrizdən getməli oldu. Daxili və xarici vəziyyətin gərginliliyindən istifadə edən Cəlairi Şeyx Üveys (1354-1374) 1358-ci və 1359-cu illərdə Azərbaycana yürüşlər etdi və Təbrizə daxil oldu. Azərbaycan Cəlairilər dövlətinin tərkibinə qatıldı, paytaxt Təbriz oldu. Cəlairilər monqol qəbiləsidir. Şeyx Həsən Cəlairi (Böyük Həsən) 1340-cı ildə Bağdadda Cəlairilər dövlətini təsis etmişdi. Şeyx Üveys 1367- ci ildə Şirvan ərazisini tutdu. Şeyx Üveysdən sonra oğlu Sultan Hüseynin (1374-1382) dövründə ölkədə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Şahzadə Sultan Əhməd Muğanda və Arranda güclü qoşun hissələri ilə 1382-ci ildə qardaşı Sultan Hüseyni öldürərək taxt-taca sahib oldu və 1410-cu ilədək hakimiyyətdə qaldı. Teymur 1385-ci ildə Azərbaycana daxil oldu, lakin Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar geri qayıtdı. Sultan Əhməd Bağdada çəkilmişdi. Bu zaman Toxtamış 1385-ci ilin sonunda 90 minlik qoşunla Dərbənddən Şirvana daxil oldu və Təbrizə çatdı (3, s. 41). Təbrizlilər müdafiəyə qalxdılar, şəhər ətrafında xəndəklər qazıldı, küçə səngərləri yaradıldı. Düşmən 8 gün Təbrizin ətrafında dövrə 95 vurdu, amma şəhərə girə bilmədi. Toxtamış danışıqlara məcbur oldu, tərəflər arasında razılıq əldə olundu. Təbriz hakimi Əmir Vəli və şəhər əyanları xərac toplayarkən, əhali sülhə inanıb silahı yerə qoydu. Toxtamış bundan istifadə edib 1382-ci ildə hiylə işlədib şəhərə daxil oldu. Əhali ciddi müqavimət göstərə bilmədi, Toxtamış sonra Marağanı tutdu, yenidən Təbrizə qayıtdı. Bir dəstəsi Mərənd və Naxçıvana tərəf yollandı, digəri isə Əhər yolu ilə irəlilədi, sonra Qarabağa gəldilər. Ölkədən çoxlu qənimət və 200 min əsir aparıldı. Azərbaycan 1386-cı ilin baharında Teymurun hücumlarına məruz qaldı. “Üçillik yürüş” kimi tanınan səfərdə Təbriz tutuldu (8, s. 330). Cəlairi əmirlərinin əsas hissəsi Bağdada, bir qismi isə Əlincə qalasına getdi. Teymur payızda Naxçıvana gəldi. Xalq Şeyx Həsənin başçılığı ilə mübarizəyə qalxdı. Teymur Əlincə qalasını mühasirəyə aldı. 1387-ci ilin əvvəllərində Toxtamışın dəstələri Dərbənddən Azərbaycana soxuldu, lakin Miranşahın Kürün şimalına göndərilmiş qoşununa qarşı dura bilməyib geri çəkildilər. Həmin ildə Teymur, Toxtamışın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk etdi, Azərbaycanın idarəsini oğlu Miranşaha tapşırdı (qəddarlığına görə “Maranşah”- ilanlar şahı kimi tanınırdı). Təbriz uğrunda Sultan Əhməd və onun Əlincə qalasındakı əmirləri, Qara Yusifin başçılıq etdiyi qaraqoyunlular, Təbrizin yerli əmirləri və Teymuri əmirləri mübarizə aparırdılar. 1387-1392-ci illərdə Təbrizə 17 dəfə hücum edildi (8, s. 346) və nəticədə şəhər bir feodal qrupundan digərinə keçirdi. 1392-ci ildə Teymur 2-ci dəfə Azərbaycana gəldi və Təbrizə daxil oldu. Cəlairi əmirləri Əlincə qalasında idilər və Teymura tabe olmamışdılar. Qala Sultan Tahirin başçılığı ilə Xacə Cövhər və sonra Əmir Altun tərəfindən müdafiə olunurdu. Qalada 300-dən artıq döyüşçü var idi. Teymur qalanı tuta bilmədi, sonra Gürcüstanı zəbt etdi, Şəki hakimini itaətə gətirdi. 1392-ci ildə Toxtamış Azərbaycana hücum etdi. Cavab olaraq, Teymur 1395-ci ildə Dərbənddən Qızıl Orduya yürüş edərək rəqibinə qalib gəldi və oradan Səmərqəndə qayıtdı. Əlincə qalası mühasirədə qalırdı. Teymur 1387, 1393, 1397-ci illərdə Əlincə qalasına yürüş etmiş və heç birində qələbə qazan- 96 mamışdı. İlk yürüş dövründə qalada su qıtlığı baş verir və qalanı təslim etmək qərarına gəlirlər. Teymur qoşunu qalanın ətəklərinə endirir, lakin güclü yağış yağır və bol su ehtiyatı yaranır. Əlincə Teymura tabe edilmir. 1393-cü ildə Teymur qalaya hücum edir, bu zaman qala müdafiəçilərindən bir dəstə, Əmir Altunun başçılığı ilə, qaladan kənara çıxmışdı. Geri qayıdarkən qalanı mühasirə olunduğunu görüb onlara hücum etdilər. Düşmən böyük tələfat verdi, Altun isə öz dəstəsi ilə qalaya girə bildi. Əlincə qalası istisna olmaqla, bütün Azərbaycanı Teymurilər zəbt etmişdilər. Qalanın müdafiəçiləri ilə birləşən Şəki və gürcü feodalları Teymurilərə qarşı vuruşur, hətta qalib gəlirdilər. Bu hadisələrdən narahat olan Teymur 1399-cu ildə 3-cü dəfə yürüş etdi və Qarabağa gəldi. Bir sıra feodal hakimlər, Şəki hakimi Seydi Əhməd, Şirvanşah İbrahimin himayədarlığı ilə Teymurla ittifaqa girərək, 12 ildən sonra daxili çəkişmələr nəticəsində Əlincə qalası Teymura tabe oldu (8, s. 352). Tarixçi İbn Ərəb şahın yazdığına görə, Teymur Azərbaycanda olmadığı vaxtda Əlincədə Sultan Tahir ilə Əmir Altun arasında ciddi münaqişə baş verir. Tahir ərzaq gətirmək üçün getmiş Altunu qalaya buraxmır. Əlincəlilər Tahirdən üz döndərir. Tahir öz acizliyini hiss edir və xəzinəni götürüb Bağdada qaçır. Əlincə müdafiəsiz qalır. Teymur 1400-cü ildə başsız qalmış qalaya girir. Teymur bir müddətdən sonra Səmərqəndə qayıtmış və 1405-ci ildə vəfat etmişdir. Azərbaycanın Şirvana qədər olan əraziləri Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu. Şirvanşahlar dövləti. Xəzərin qərb sahilində yerləşən Şirvan vilayəti Kür çayından Dərbənd mahalının şimal hüdudlarına kimi olan ərazini əhatə edirdi. XIII əsrin əvvəllərində Şirvanşahlar dövlətini Güştasb (1203-1225) idarə edirdi. 1225-ci ildə III Fəribürz (1225-1243) ölkənin idarəsi ilə ciddi məşğul olmayan atası Güştasbı hakimiyyətdən qovdu və XIII əsrin ortalarına kimi Şirvanı idarə etdi. Fəribürz Cəlaləddinə xərac versə də, Şirvanın müstəqilliyini qoruya bildi. 1231-ci ildə monqollar Şirvana daxil oldular, 1239-cu ildə Şirvan və Dərbənd ələ keçirildi. Şirvanı idarə edən II Axsitan (1243-1260) Hülakülərin hakimiyyətini qəbul 97 etməli oldu. Onun dövründə Şirvanşahlar tədricən öz müstəqilliyini itirdi. Şirvan hakimləri Hülakülər tərəfindən təyin edilirdi və bu, XIV əsrin 2-ci rübünə qədər davam etdi. Şirvanşah Kavusun (1345-1372) dövründə Şirvanşahlar əvvəl Çobanilərdən, sonra isə Cəlairilərdən asılı vəziyyətə düşdülər. 1364-cü ildə Şirvanda Cəlairilərə qarşı üsyan qalxdı. 1367-ci ildə Şeyx Üveys Şirvana yürüş etdi. Cəlairilər 3 aya yaxın Şirvanda qalıb əhalini qarət etdilər. Kavus tutuldu və Üveysin hüzuruna gətirildi. O, 3 aydan sonra azad edildi və yenidən Şirvana hakim təyin olundu. Kavus öldükdən sonra Şirvanı onun oğlu Huşəng (1372-1382) idarə etdi. 1382-ci ildə Huşəng öldürüldü və hakimiyyətə Şeyx İbrahim Dərbəndi (I İbrahim) gəldi (1382-1417) (10, s. 304). O, Huşəngin doğma əmisi idi. Bir zamanlar babaları Dərbənd hakimi olmuşdur, xırda torpaq sahibi idi. Şirvanşah elan olunması zamanı o, cüt sürdükdən sonra ağac altında dincəlirdi. Şirvanşahlar dövlətinin xarici siyasəti. Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvan ərazisi 2 təhlükə qarşısında qalmışdı: cənubdan Teymurun qoşunları, şimaldan isə Qızıl Ordu xanı Toxtamışın həmlələri Şirvanın xarici və daxili vəziyyətini gərginləşdirdi. Toxtamış 1387-ci ildə yenə Şirvana hücum etdi, lakin ölkədən çıxmalı oldu. Şeyx İbrahim mahir siyasətçi idi və rəqibin birindən digərinə qarşı istifadə etmək qərarına gəldi. İbrahim 1386- cı ildə Teymur Qarabağda olan vaxt onun yanına gələrək onunla Toxtamışa qarşı müqavilə bağladı. Bu ittifaq Şirvanı yersiz qarətdən xilas etdi, həm də İbrahim Toxtamışa qarşı güclü müttəfiq qazandı. İbrahim Bu əlaqədən istifadə edib Şirvanı iqtisadi-siyasi və hərbi cəhətdən qüvvətləndirdi. O, Teymurun Qızıl Orduya qarşı yürüşündə iştirak etdi. İbrahim Azərbaycanın yerli feodallarının Teymurla danışıqlar aparmasında yaxından iştirak etdi. Teymur 1399-cu ildə 3-cü dəfə Azərbaycana gəldikdə, Şeyx İbrahim Cənubi Qafqazın Miranşaha qarşı üsyan etmiş feodallarının, o cümlədən Şəki hakimi Seydi Əhmədin Teymur ilə ittifaq bağlamasına nail oldu və beləliklə, bu ərazini işğaldan azad etdi. Teymurun ölümündən sonra İbrahim siyasi vəziyyət dəyişdiyindən Teymu- 98 rilərə qarşı yeni siyasi xətt tutdu. Şirvanşah İbrahimin siyasəti Azərbaycanı birləşdirmək idi (8, s. 354). Teymurilərə qarşı qalxan xalq hərəkatından istifadə edən İbrahim Gəncəni və Qarabağın xeyli hissəsini tutdu. Gürcü çarı, Şəki və Ərdəbil hakimləri və Qaramanlı tayfasının müttəfiq qoşunları 1405-ci ilin yayında Kür sahilində Teymuri Ömərin qoşununu məğlub etdi. Bu zaman Təbrizdəki üsyançılar şəhəri tutdular və yardım üçün İbrahimə müraciət etdilər. İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. Xalq onu hörmətlə qarşıladı. İbrahim qısa müddət olsa da, Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. Lakin çox keçmədən Cəlairi sultanı Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusif şəhərə yaxınlaşdığından I İbrahim Təbrizi tərk edib Şirvana çəkildi. Şəki hakimiyyəti. Şəki XIII əsrin 20-ci illərin əvvəllərində də Şirvanın tərkibində idi. Şəhəri 2 nəfər-vəzir Səfiəddin və vali Qaşqara idarə edirdi. XIV əsrin 30-cu illərində Hülakü dövlətinin tənəzzülü dövründə Şəki feodalları daxili müstəqillik əldə etdilər. Hakimiyyətə Oyrat sülaləsi gəldi. Həmin vaxtdan Şəki hakimlərinin müstəqillik uğrunda apardıqları mübarizə XIV əsrin son rübündə daha da gücləndi. Teymur ilk yürüşü zamanı (1386-1387) Şəki vilayətinə gəldi, dağlıq ərazilərində yaşayan camaat qarət edildi, Şəki hakimi Seydi Əli Oyrat Teymurun Azərbaycanda olmadığı dövrdə itaətdən boyun qaçırdı (1387-1392). Teymurun 2-ci yürüşü zamanı (1392-1395) bir daha Şəkiyə daxil oldu. Seydi Əli mülkün və əmlakını atıb getdi. Bir müddətdən sonraTeymur qoşun hissələrini Şəkidən Qızıl Ordu üzərinə göndərib, Mahmudabada gəldi və Səmərqəndə qayıtdı. Teymurun Azərbaycana hakim təyin etdiyi Miranşah 1395-ci ildə Seydi Əlinin müxalif olduğunu güman edib, yoxlamadan Şəkini talan etdi (8, s. 331). Seydi Əli gürcü feodalları ilə ittifaqa girib Əlincə qalasına hücum etdi və burada mühasirədə olan Sultan Tahiri azad etdi. Teymurun Əlincə ətrafındakı qoşunu məğlub oldu. Qoşun başçısı Səncər Təbrizə vəziyyəti Miranşaha bildirmək üçün getdi. Miranşah, oğlu Əbu Bəkri qoşunla Şəki üzərinə göndərdi. Döyüşdə Seydi Əli Şəkidə törədilən qarətin intiqamını almaq üçün şəxsən Əbu Bəkrin üzərinə şığıdı. O həlak 99 oldu, lakin Əbu Bəkrin qüvvələri məğlub oldu. Seydi Əlinin oğlu Seydi Əhməd Şəki hakimi oldu. Teymur yenidən Azərbaycana gəldikdə o, Şirvanşah İbrahimin vasitəçiliyi ilə Teymura qiymətli hədiyyələr, 6000 at verdi. Teymur Seydi Əlinin günahını oğluna bağışladı və Seydi Əhmədi Şəki hakimi kimi tanıdı. 2. Qaraqoyunlu dövləti Oğuz tayfalarından olan Qaraqoyunlulara (Qaraca qoyunlu) baharlılar başçılıq edirdilər. VII əsrdən Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlar. Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca olmuşdur. Onun oğlu Qara Məhəmməd (1380-1389) Cəlairilərlə ziddiyyəti aradan qaldırmaq üçün Cəlairi Sultan Əhmədlə qohum oldu. Vəziyyətin yaxşılasmasından istifadə edən Qara Məhəmməd mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. 1387-ci ilin baharında Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə hücuma keçdi. Qara Məhəmməd Çapaqçura gəldi və Teymurun qüvvələrini darmadağın etdi. Qara Məhəmmədi ələ keçirə bilməyən Teymur Muş düzənliyindəki oymaqları, Hilatı, Vanı ələ keçirib İrana döndü. 1388-ci ilin mayında Qaraqoyunlular Cəlairilərin müqavimətini qıraraq Təbrizə daxil oldular. Qara Məhəmməd və oğlu Bayram 1389-cu ilin aprelində Qara Pir Həsən adlı digər Qaraqoyunlu əmiri tərəfindən qətlə yetirildi. Qara Məhəmmədin oğlu Yusif atasının intiqamını almaq üçün 1392-ci ildə Pir Həsən bəylə döyüşə girdi və qələbə çaldı. O, Təbrizi tutdu, lakin bir gün sonra şəhərdən çıxdı. 1392-ci ildə Teymurilər Van şəhərini tutdular. Qara Yusif məğlubiyyətdən sonra Cəlairilərə yaxınlaşdı. 1394-cü ildə Bağdad yaxınlığında Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələri ilə Teymurilər arasında döyüşdə Teymurilər qələbə çaldı. XIV əsrin II yarısında Qaraqoyunlu tayfa ittifaqı daxili quruluşuna görə möhkəm deyildi. 100 Nəticədə 1395-ci ildə bu ittifaq dağıldı. Lakin Qara Yusif tezliklə onu bərpa etdi və ittifaq yaratmaq üçün Cəlairi Sultan Əhmədlə birlikdə Misirə getdi. Teymur Misir hakimindən onların həbs edilməsini tələb etdi, lakin Teymurun təklifi rədd edildi. Ondan sonra taxtda oturan oğlu Sultan Fərəc (1399-1412) müttəfiqləri Dəməşqdə həbsə aldı, lakin Teymurun ölümünü eşidən kimi onları azad etdi. Bir ilin dustaqlığı Qara Yusiflə Sultan Əhmədi yenidən barışığa gətirdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki, Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə yiyələnsin. Teymurun ölümündən sonra onlar Azərbaycana qayıtdılar. 1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər. 1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan cənub əmirləri Sultan Əhmədin və Qara Yusifin tərəfinə keçdilər. Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi haqda fərman verdi. Sultan vergilər barədə verdiyi vədə əməl etmədi, əksinə daha da ciddi tədbirlər gördü. Az sonra Teymuri Əbubəkr Mirzənin qoşunu Təbrizə yaxınlaşdı, əhali Sultan Əhmədə kömək etmədi və o, Bağdada qaçdı. 1406-cı ilin payızında Təbriz yaxınlığındakı Şənbi-Qazanda I döyüşdə Teymurilər məğlub oldular. 1408-ci il aprelin 21-də Sərdrud adlı yerdə Qara Yusifn qüvvələri ilə Əbubəkrin qoşunu arasında II döyüşdə Miranşah öldürüldü və Teymurilər təslim oldular (3, s. 87). Beləliklə, Teymurilərin Azərbaycandan qovulmasında Qaraqoyunluların həlledici rolu oldu. Qara Yusifin siyasət uğurları Sultan Əhmədi qorxuya saldı. O, Qara Yusiflə olan şərtini pozdu. 1410-cu ilin yayında Sultan Əhməd Təbrizə hücuma keçdi. Şirvanşah I İbrahimin oğlu Kəyümərs ona kömək edirdi, çünki bununla o, Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdi. Bundan xəbər tutan Qara Yusif onlardan əvvəl Təbrizə çatdı. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş başladı (8, s. 363-364). Cəlairilər darmadığın edildi. Sultan Əhməd Qara Yusifin əlinə keçdi, ondan Azərbaycan və İraq hakimiyyətindən əl çəkmək haqqında yazılı iltizam alındı və ertəsi gün 101 öldürüldü. Cəlairilər hakimiyyətinə son qoyuldu. Qara Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildə yaranan Qaraqoyunlu dövlətinin tərkibinə şimalda Şirvanşahlar dovləti istisna olmaqla bütün Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq daxil oldu. Paytaxtı Təbriz oldu. 1411-ci ildə Qara Yusif oğlu Pirbudağı sultan elan etdi (3, s. 88). Ancaq yuksək idarəçilik hüququ Qara Yusifdə qalırdı. Qara Yusif dövrünün böyük şəxsiyyəti idi. O, güclü mərkəzi apparat yarada bilməsə də, feodal ara müharibələrini bir qədər zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi. Şirvanşah I İbrahimin Kəyumərsi qoşunu ilə Sultan Əhmədə köməyə göndərməsi ikitərəfli qarşıdurma üçün başlanğıc oldu. Qara Yusif Kəyumərsi əsir tutdu, onu öldürmədi, azad etdi, lakin atasının Qaraqoyunlu ali hakimiyyətini tanıması haqqında ona məktub verdi. Kəyumərsin asanlıqla əsir düşməsi və zəmanətsiz buraxılması I İbrahimdə şübhə doğurdu. O, elə zənn etdi ki, Qara Yusif Kəyumərslə gizli sazişə girmiş, Kəyumərs də atasının taxtında oturmaq üçün ona söz vermişdi. Buna görə də I İbrahim guya Şirvan taxtına xain çıxmış Kəyumərsi edam etdirdi. Qara Yusif Qarabağa gəldi, Şirvana qasid göndərib I İbrahimin ona tabe olmasını tələb etdi. Lakin I İbrahim rədd cavabı verdi və Şirvanın müstəqilliyi uğrunda mübarizəyə hazırlaşdı. O, Şəki hakimi Əhməd və Kaxetiya çarı II Konstantinin köməyinə arxalanırdı. Əhali I İbrahimi müdafiə etsə də, Qara Yusif irsi soyurqal torpaqları, pul və hədiyyə paylamaqla Azərbaycanın cənub ərazilərindəki əyanları öz tərəfinə çəkmişdi. 1412-ci ilin sonunda Kür sahilində döyüş baş verdi. Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin tərəfində vuruşurdu, buna görə də I İbrahim və onun müttəfiqləri məğlub oldular. Şirvanşah I İbrahim, onun yeddi oğlu, qardaşı, məsləhətçiləri və Kaxetiya çarı Konstantin əsir alındı. Qara Yusif İbrahimdən 1200 İraq tümən bac tələb etdi. Şirvanşahın Təbrizdəki tərəfdarları bu məbləğdə mal toplayıb verdilər. Qara Yusif I İbrahimi azad etdikdən sonra, o, 1413-cü ilin aprelində Şirvana qayıtdı. Qara Yusifin qoşunu Şirvanı tərk etdi. 1417-ci ildə Şirvanşah I İbrahim vəfat etdi, onun Azərbaycanı birləşdirmək cəhdi yarımçıq 102 qaldı. Şirvanşah I Xəlilullah (1417-1462) Qara Yusifin hakimiyyətini tanımadı və Teymurun oğlu Sultan Şahruxla (1405-1447) Qaraqoyunlular əleyhinə ittifaqa girdi. Sultan Şahrux qardaşı Miranşahın qisasını almaq üçün 1418-ci ilin yazında və 1420-ci ildə Azərbaycana uğursuz yürüşlər etdi. Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər olan geniş əraziyə yiyələnmiş Qara Yusif döyüşlərin birində (1420-ci il noyabırn 17-də) yaralandı və Təbriz yaxınlığında Uçan adlı yerdə vəfat etdi. Qaraqoyunlu əmirləri arasında mübarizə başlandı. Bundan istifadə edən Sultan Şahrux 1420-ci ilin dekabrında Qarabağa daxil oldu. I Xəlilullah Şahruxun nəvəsi ilə evlənməklə bu ittifaqı daha da möhkəmləndirdi. 1421-ci il avqustun 1-də Qara Yusifin oğulları İsgəndər və İsfəndiyar Şahruxla Alaşkerd vadisində həlledici döyüşdə məğlub oldular (8, s. 366). Şahrux atasının siyasətindən fərqli olaraq, bu ölkələri idarə etdiyi ərazilərə daxil etmək fikrində deyildi. O, yalnız Azərbaycan feodallarının özünün ali hakimiyyətini tanıtması ilə kifayətləndi. Şahrux 1421-ci ilin payızında Herata getdi. Şahrux Azərbaycanı tərk etdikdən sonra İsgəndər (1420-1438) dağınıq Qaraqoyunlu qüvvələrini yenidən birləşdirdi. Kürün cənubundakı əmirlər ona tabe oldular. Şirvan və Şəki öz müstəqilliyini saxlayırdı. İsgəndər 1427-ci ildə Şirvana hücum etdi. Lakin Şahruxun Azərbaycana yeni basqını onu geri çəkilməyə məcbur etdi və Salmas döyüşlərində Qaraqoyunlular məğlub oldular. 1429-cu ildə Teymuri Şahrux Qara Yusifin oğlu Əbu Səidi (1429-1431) Qaraqoyunlu taxtına çıxartdı. Əbu Səid Şazruxun vassalı kimi hökmranlıq edirdi. 1430-cu ilin mayında Şahrux Azərbaycanı tərk etdi. İsgəndər qardaşı Əbu Səidi öldürüb, 1431-ci ildə yenidən hakimiyyətə gəldi (8, s. 367). Əbu Səidin və İsgəndərin hakimiyyəti illərində Azərbaycanın iqtisadi və siyasi həyatında olduqca ağır dövr idi. 1434-cü ildə İsgəndər Şirvana yeni hücuma başladı. I Xəlilullahın kömək istəyi ilə Şahrux böyük qoşunla Heratdan yürüşə keçdi. Lakin Reydə dayandı. Xəlilullah onun yanına getdi və İsgəndərin törətdiyi müsibətlər barədə məlumat verdi. 1435-ci ilin yayında birləşmiş qüvvələr Təbriz yaxınlığındakı döyüşdə Qaraqoyunluları məğlub etdilər, İsgəndər Kiçik Asiyaya qaçdı. 1435-ci ilin payızında Sultan 103 Şahrux Təbrizə gəldi. Qara Yusifin kiçik oğlu Cahanşah (1438- 1467) onu təntənə ilə qarşıladı. Şahrux ölkənin idarəsini Cahanşaha tapşırdı, qışı Qarabağda qaldı. 1436-cı ilin yazında Cahanşah Teymurilərin vassalı kimi Qaraqoyunlu dövlətinin hökmdarı elan edildi. 1447-ci ildə Şahruxun ölümündən sonra müstəqil siyasət yeridən Cahanşah hakimiyyətə tabe olmaq istəməyən yarımköçmə əmirlərə qarşı mübarizə aparırdı və Şirvanla dostluq münasibətləri yaratmağa çalışırdı. Cahanşah dörünün məlumatlı şəxsiyyəti, bacarıqlı dövlət xadimi idi. Onun qanunlarına əməl etməyənləri ciddi cəzalandırırdı. Gələcəkdə işğalçılıq planlarını həyata keçirmək üçün hərbi islahat keçirdi, orduda möhkəm intizam yaratdı. Ölkənin qərb sərhədlərində Ağqoyunlularla tez-tez hərbi toqquşmalar nəticəsində XV əsrin 50-ci illərində Cahanşah Şərqi Anadolunun çox hissəsini itirdi. Lakin bir sıra uğurları nəticəsində o, 1453-cü ildə Əcəm İraqını, bütün Qərbi İranı, sonra Şərqi İranın bir hissəsini ələ keçirdi, 1457-ci ildə Sultan taxtının iddiaçılarından olan Şahruxun oğlu İbrahim Mirzəni məğlub edib Cürcanı və Xorasanı tutdu, 1458-ci ilin iyununda Herata daxil oldu (3, s. 91). Lakin yeni Teymuri sultanı Əbu Səid öz rəqiblərini əzdi və Cahanşahdan irsi torpaqlarını tərk etməyi tələb etdi. Cahanşah hərbi səfərdə olduğu zaman yarımköçmə feodallar Azərbaycanda Cahanşahın oğlu Həsənəlinin, Bağdadda isə digər oğlu Pirbudağın ətrafında birləşərək qiyam qaldırdılar. Bunu eşidən Cahanşah 1459-cu ilin yanvarında Əbu Səidlə Heratda barışıq müqaviləsi imzaladı və təzminat alıb Azərbaycana gəldi (8, s. 369). O, qiyamları yatırdı və 1465-ci ildə Pirbudağın üzərinə irəlilədi. Pirbudaq təslim oldu və öldürüldü. Beləliklə, Cahanşahın fəal daxili və xarici siyasəti ara müharibələrə son qoydu. Xalq kütlələrinin son dərəcə ağır vəziyyəti, feodal çəkişmələri, mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri Qaraqoyunlu dövlətinin getdikcə zəifləməsinə səbəb oldu və Ağqoyunlu Uzun Həsənin Qaraqoyunlular üzərində qələbə çalması üçün əlverişli şərait yaratdı. 104 3. Ağqoyunlu dövləti XIV əsrdə Kiçik Asiyanın şərqində məskunlaşmış Qaraqoyunlulardan qərbdə Ağqoyunlular yaşayırdılar. Onlar hələ erkən orta əsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, həmçinin Cöyçə gölü ətrafında, Alagöz yaylaqlarında, həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdılar (3, s. 95). Ağqoyunluların başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi (1370-1388). Pəhləvan bəyin Ağqoyunlu tayfalarını birləşdirmək uğrunda apardığı mübarizə nəticəsində XIV əsrin 80-ci illərində Ağqoyunlu tayfa ittifaqı Şərqi Anadolunun cənub torpaqlarında böyük qüvvəyə çevrildi. Pəhləvan bəyin ölümündən sonra ara müharibələri getdikcə qızışdı. Hakimiyyətə gəlmiş Əlaəddin Turəlinin (1388-1394) Ağqoyunlu tayfa ittifaqını möhkəmləndirmək cəhdi nəticəsiz qaldı. XIV əsrin sonu-XV əsrin əvvəllərində Ağqoyunlu Qara Yuluq Osman bəy Sivas uğrun da mübaizələrdə Qaraqoyunlulara qalib gəldi və Diyarbəkirdə möhkəmləndi. Ağqoyunlu bəyliyinin əsası qoyuldu. Ərzincan və Mardin torpaqları da asılı vəziyyətə salında. Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkiri Ağqoyunlu tayfa ittifaqının mərkəzi seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını yatırtdı. 1434-cü ildə Qaraqoyunlularla döyüşdə Osman öldürüldü, Ağqoyunlu tayfa ittifaqında daxili mübarizə şiddətləndi. Ağqoyunlu tayfa ittifaqının başçısı Əli bəy (1434-1444) bu münaqişələrdə müəyyən uğurlar qazandı. Az sonra Əli bəy öldü. Onun oğlu Cahangir Mirzə (1444-1453) qısa vaxtda Ağqoyunlu tayfalarını birləşdirdi, Diyarbəkirdə möhkəmləndi. Cahangir Mirzənin qardaşı Uzun Həsən (1453-1478) 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. XV əsrin 50- ci illərində Uzun Həsən Gürcüstanın Qaraqoyunlulara tabe olan şərq hissəsini tutdu. 1467-ci il noyabrın 11-də Muş döyüşündə Qaraqoyunlular məğlub edildi və Cahanşah öldürüldü. Bağdada 105 qədər ərazi Ağqoyunluların əlinə keçdi. 1467-ci ildə Təbrizdə Qaraqoyunlulara qarşı yeni üsyan başlandı. Üsyana Siyavuş başçılıq edirdi. Üsyanı Qara İsgəndərin qızları Arayiş bəyim və Şahsaray bəyim yatırdılar. Qaraqoyunlu əmirləri Maku qalasında həbsdə saxlanan Cahanşahın oğlu Həsənəlini azad edib hökmdar seçdilər (1467-1468). Cahanşahın varisləri Həsənəli və Hüseynəli arasında gedən hakimiyyət uğrunda mübarizədə Hüseynəli öldürüldü. Həsənəli isə qüvvələrini Ağqoyunlulara qarşı mübarizəyə başladı. Təbriz yoxsullarına böyük məbləğdə pul payladı, lakin onlar Həsənəlini müdafiə etmədilər. 1468-ci ildə Uzun Həsən Azərbaycanın cənubunu və Qarabağı müqavimətsiz tutdu, Həsənəlini sıxışdırmağa başladı. Qaraqoyunluların xeyli hissəsi Ağqoyunlulara birləşdilər, Qaraqoyunlu dövləti dağıldı. Ağqoyunlu dövləti yarandı, paytaxtı Təbriz oldu. Cahanşahın ölümünü eşidən Teymuri hökmdarı Əbu Səid Ağqoyunlulara qarşı müharibəyə hazırlaşdı. Uzun Həsən müharibədən ehtiyat edərək anası Sara xatının başçılığı ilə zəngin hədiyyələrlə Əbu Səidin yanına nümayəndə heyəti göndərdi. Əbu Səid məqsədindən dönmədi. 1468-ci ilin payızında Əbu Səid Azərbaycanın cənub torpaqlarına daxil oldu. Uzun Həsən Şirvanşah Fərrux Yasar (1462-1501) və Səfəvi sülaləsindən olan Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi mühasirəyə aldılar. I Xəlilullahın vaxtında Şirvan Teymuri qoşununu ərzaqla təmin edirdi. Fərrux Yasar isə bundan imtina etdi və aclıq çəkən qoşun dağılmağa başladı. Əbu Səid 1468-1469-cu ilin qışında sülh təklif etdi, lakin Uzun Həsən rədd etdi və Teymurilər düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Ağqoyunlu dövləti Kürdən Cənubda olan Azərbaycan vilayətlərini, Şərqi Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı və s. əraziləri əhatə edirdi. Ağqoyunlu dövlətində başlıca təsərrüfat sahələri əkinçilik, ipəkçilik, üzümçülük, bağçılıq və maldarlıq idi. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf etmişdi. Mərkəzi Asiya, Çin və Hindistanı Aralıq dənizi və Qara dəniz sahillərindəki ticarət mərkəzləri ilə birləşdirən karvan yolları Ağqoyunlu dövlətinin ərazisindən keçirdi. Əhalidən toplanan vergi və xarici ölkələrlə ticarətdən alınan 106 gəlir Ağqoyunlu dövlətinin iqtisadi qüdrətinin əsas mənbəyi idi. Dövlətin daxili siyasətində, xüsusilə iqtisadi həyatında oturaq feodallar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar mühüm rol oynayırdılar. Yenə də, Ağqoyunlu dövlətində daxili vəziyyət ağır idi. Ağır vergi və mükəlləfiyyətlərdən bezmiş əhali arasındakı hərəkatlar dövlətin siyasi əsasını sarsıdırdı. Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər, vergi işlərini nizama salmaq üçün “Qanunnamə” verdi. Bu, əhalinin vəziyyətini yaxşılaşdırmadı. Uzun Həsən nizami ordu yaratdı, odlu silah istehsal etməyə təşəbbüs etdi, feodalların müqavimətini qırdı. Bəzi güzəştlərə getməyə də məcbur oldu. Lakin o, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi. Ağqoyunlu dövlətinin xarici siyasəti. Ağqoyunlu dövləti Azərbaycanın bu vaxta qədərki tarixində Avropa ölkələri ilə ən geniş əlaqə yaratmış ilk dövləti idi. Uzun Həsən Qərb ölkələri ilə ticarət əlaqələri, xüsusilə ipək ticarəti yaratmışdı. Digər tərəfdən, o, öz ordusuna müasir silahlar almaq, Azərbaycanda topçuluq sənətini inkişaf etdirmək üçün Avropa ölkələrindən artilleriya mütəxəssisləri də dəvət etmək istəyirdi. Onun xarici siyasətində əsas istiqaməti Osmanlı imperatorluğu ilə münasibətlər təşkil edirdi. XV əsrin 60-70-ci illərində xarici ticarətlə əlaqədar olaraq, Ağqoyunlu dövlətinin Osmanlı imperatorluğu ilə münasibəti kəskinləşdi. Sultan II Mehmet Osmanlı imperatorluğunu Azərbaycan ipəyinin böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçilik edən dövlətə çevirmək istəyirdi. Osmanlı sultanı Qafqazı, xüsusilə Azərbaycanı tutmaq üçün səy göstərirdi. Ağqoyunlu-Osmanlı münasibətlərinin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamamışdı. Ağqoyunlular hakimiyyətə gəlməmişdən əvvəl Trabzon yünan imperiyası (1204-1461) ilə dostluq əlaqəsi yaratmışdılar. Uzun Həsən Tabzon imperatorunun qızı Feodora-Dəspinə xatınla evlənmişdi. Trabzonun Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti vardı. Ağqoyunlu tacirləri bu şəhər vasitəsilə Krımdakı mərkəzləri ilə də əlaqə saxlayırdılar. Buna görə II Mehmet 1461-ci ildə Ağqoyunlu dövləti ilə müharibəyə Trabzon üzərinə hücumla 107 başladı. Uzun Həsən Trabzonu müdafiə etməli oldu. İlk döyüş Qoyluhisar adlanan yerdə baş verdi. Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, Uzun Həsən hələlik osmanlılarla sülh bağlamaq qərarına gəldi, öz ağıllı və güclü məntiqi ilə tanınan anası Sara xatını Sultanın düşərgəsinə-Bolqar dağına göndərdi. Uzun Həsən onun qarşısına 2 vəzifə qoydu: I, o, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, çünki Ağqoyunlu dövləti güclü deyildi və onlara arxadan Qaraqoyunlular və Teymurilərin hücumu gözlənirdi. II, Sara xatın sultanı Trabzonu fəth etməkdən döndərməli idi. Sultan 1-yə razı oldu, 2-ci məsələdə isə fikrindən dönmədi. II Mehmet Trabzon üzərinə yeridi və Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin olmadığı üçün Sara xatını elçilərlə birlikdə özü ilə apardı. Sara xatın yol boyu yenə də sultanı Trabzonu fəth etməkdən çəkindirməyə çalışdı. 30 gün mühasirədən sonra, 1461-ci il avqustun 15-də Trabzon osmanlılar tərəfindən zəbt edildi. Ticarət mərkəzi olan Trabzonun əldən çıxdığını görən Sara xatın öz gəlininin-Dəspinə xatının Trabzon taxtına varislik hüququnu irəli sürdü. O, Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı. Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Uzun Həsən eyni zamanda bir neçə yerdən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqə yaratmağa başladı. Avropa dövlətləri 2 türk dövləti arasında ziddiyət salmağa çalışırdılar. Uzun Həsən isə bunu lazımı cəhətdən qiymətləndirə bilmədiyindən Avropa ölkələri ilə ticarət əlaqələrini Osmanlılarsız möhkəmləndirməyə çalışırdı. Azərbaycanın cənub torpaqlarında hasil olunan ipək Şərqlə Qərb arasındakı ticarətdə vasitəçilik edən Venesiyanın toxuculuq manufakturalarını təmin edirdi. 1463-cü ildə Venesiya-Osmanlı müharibəsinin başlanması bu əlaqələri daha müntəzəm etdi (8, s. 375). 1464, 1472-ci ildə isə Katerino Zeno da daxil olmaqla bir neçə diplomat Təbrizə Ağqoyunlu sarayına gəldi. Öz növbəsində, Uzun Həsənin elçiləri də Avropa ölkələrinə gedir, danışıqlar aparırdılar. 1475-ci ildə III İvan danı- 108 şıqlar üçün Marko Rossonu Uzun Həsənin yanına göndərdi. Lakin Qızıl Ordu xanı onu qabaqlayıb, qiymətli hədiyyələrlə 200 nəfərlik nümayəndə heyəti göndərərək, Qızıl Ordunun cənub sərhədlərinin pozulmaması haqda Uzun Həsəndən təminat almışdı. Venesiya hökuməti ilə danışıqlar nəticəsində 1472-ci ilin yazında Təbrizdə Osmanlı dövləti əleyhinə bağlanan hərbi ittifaqın planına uyğun olaraq həmin vaxtda Uzun Həsən Osmanlılar üzərinə hücuma keçdi. Mirzə Yusif xanın başçılığı ilə ağqoyunlular qələbə çalaraq Aralıq dənizi sahillərinə çıxdılar, lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirən Venesiya gəmiləri yox idi. Venesiya dövləti 2 türk dövlətini qarşı-qarşıya qoyub aradan çıxdı. Müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə salındı. II Mehmet öz rəqiblərini bir-birindən ayırdı və müharibədə qazandı. Şahzadə Mustafanın başçılığı ilə Ağqoyunlulara qarşı 60 min nəfərlik qoşun göndərildi. Ağqoyunlular Beyşehir yaxınlığında məğlub oldular. Qışda hər iki tərəf müharibəni müvəqqəti dayandırdı. Sultan II Mehmet öz elçisi ilə Uzun Həsənə məktub göndərərək, 1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini bildirdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini bildiyinə görə, onları Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Uzun Həsəni Anadolunun şərqində qarşılamaq qərarına gəlmişdi. Fəratın sol sahilində Ağqoyunlular, sağ sahilində isə Osmanlı qoşunu duşərgə saldı. 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi (9, s. 158). Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmet məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən rədd etdi. 1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri II Mehmetin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Otluqbeli adlanan yerdə qabaqladılar, 8 saat davam edən Otluqbeli, bəzən Tərzincan adlanan bu döyüşdə Osmanlı piyadasının, xüsusilə yenicəri alaylarının inadlı əks-hücum- 109 larına davam gətirə bilmədilər və məğlub oldular (8, s. 378). 1474- cü ilin aprelində kürdlər Venesiya diplomatı İosafat Barbaronu və onunla Ağqoyunlu elçilərini qarət etdilər. Hacı Məhəmməd başda olmaqla Ağqoyunlu elçiləri öldürüldü. Həmin ilin mayında Şirazda Uzun Həsənin böyük oğlu, Şirazın varisi Uğurlu Məhəmmədin başçılığı ilə iri feodalların qiyamı başladı. Belə feodallardan biri 3000 nəfərlik süvari ilə Təbrizə hücum etdi. Hökmdarın oğlu Maqsud bəy öz süvari dəstəsi ilə köməyə gəldi və Təbrizin təhlükəsizliyi təmin olundu. Uzun Həsən isə Şirazda oğlunu məğlub etdi, ağır yaralanan Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı. Sultan Uğurlu Məhəmmədi təntənə ilə qarşıladı, qızı Gövhərxan Sultanı ona ərə verdi. Onların bir oğlu oldu-Gödək Əhməd. II Mehmet Uğurlu Məhəmmədə hərbi qüvvə verib onu Sivasa-Azərbaycanla Osmanlı sərhədinə hakim təyin etdi. Uzun Həsən isə oğlunu tutub Təbrizdə edam etdirdi. Osmanlı sultanı Sivasda olan qızını və nəvəsini İstanbula gətirdi. İqtisadi tənəzzül, iri feodalların mərkəzi hakimiyyətə açıq müqaviməti, ümumxalq narazılığı-bütün bunlar Ağqoyunlu dövlətinin dağılmasını yaxınlaşdırdı. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi. 1477-ci ildə Uzün Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. Uzun Həsəndən sonra onun oğlu Yaqub Mirzə (1478-1490) taxta çıxdı. O, Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək dostluq əlaqələrini daha da möhkəmləndirdi. Lakin Ərdəbil hakimliyinin möhkəmlənməsi onun üçün təhlükə yaratdığına görə hər iki tərəf arasında ziddiyyət başlandı. Yaqub Mirzənin qəfil ölümündən sonra oğlu Baysunqur (1490-1492) taxta çıxdı. İlk vaxtlar Ağqoyunlu dövlətini Baysunqurun adından idarə edən Sufi Xəlil bütün rəqiblərinə qalib gəldi. Az sonra Diyarbəkirdə hökmranlıq edən Süleyman bəy Bicanoğlu Sufi Xəlilin hakimiyyətinə qarşı mübarizəyə başladı. 1491-ci ilin yayında Van yaxınlığındakı döyüşdə Sufi Xəlil məğlub oldu. Bicanoğlu hakimiyyəti ələ aldı, lakin Baysunqura toxunmayıb, Ağqoyunlu dövlətini onun adından idarə etməyə başladı. 110 1492-ci ildə Əbih Sultan Sufi Xəlil tərəfindən dustaq edilən Rüstəm Mirzəni (Uzun Həsənin nəvəsi) Əlincə qalasından xilas etdi, onun namizədliyini irəli sürdü. 1492-ci il mayın əvvəllərində Bərdə yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu ilə döyüşə getdi. Rüstəm Mirzə qalib gəldi. Bicanoğlu Diyarbəkirə çəkildi və orada öldürüldü. Baysunqur Şirvana, Fərrux Yasarın yanına qaçdı. 1492-ci il mayın sonunda Rüstəm Təbrizdə Ağqoyunlu taxtında oturdu. Ağqoyunlu dövlətini Əbih Sultan idarə edirdi. XVI əsr tarixçisi Həsən bəy Rumlu yazır ki, 100 il ərzində Qaraqoyunlu və Ağqoyunlu padşahlarından heç biri Rüstəm padşah qədər soyurqal paylamamışdı. Lakin o, 5 il (1492-1497) Ağqoyunlu dövlətini idarə etsə də, iri köçmə feodallar qüvvətləndilər və mərkəzi hakimiyyətə tabe olmaq istəmədilər. 1492-ci ilin sonunda hakimiyyətdən devrilmiş Baysunqur, babası Fərrux Yasarın köməyi ilə Bərdə-Gəncə arasında Rüstəmə qarşı döyüşə girdi, lakin məğlub oldu. Baysunqur və onun müttəfiqləri 1493-cü ildə Əhər yaxınlığında məğlubiyyətə uğradı, özü isə öldürüldü. Rüstəm padşah soyurqal torpaq paylamaqla köçmə əhalini özünə qarşı qaldırdı. Bundan istifadə edən Gödək Əhməd Ərzincana gəldi və Əbih Sultanın başçılığı ilə köçmələrin bir hissəsi onunla birləşdilər. 1496-cı ilin yayında Gödək Əhməd Azərbaycana hücum etdi. Sultaniyyə yaxınlığında Ağqoyunlular məğlub oldu. Gödək Əhməd 1496-cı ilin sonunda Naxçıvan yaxınlığında Rüstəm Mirzənin əsas hərbi qüvvələrini məğlub etdi, özünü də əsir aldı. O, 1497-ci ildə Təbrizə daxil oldu və Ağqoyunlu taxtına çıxdı (8, s. 384). Gödək Əhməd Əbih Sultandan ehtiyat etdiyi üçün Kirman mahalını ona bağışladı. O, bir sıra vergi islahatları keçirdi, şəriətdə göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyəti ləğv etdi. Gödək Əhmədin daxili siyasətinə qarşı bəzi əyanlar İran İraqında və Farsda qiyamlar qaldırdılar. 1497-ci il dekabrın 13-də İsfahan yaxınlığında Gödək Əhməd məğlub oldu və öldürüldü. Təqribən 7 ay hakimiyyətdə olan Gödək Əhməd məqsədinə nail olmadı. Gödək Əhmədin ölümündən sonra Əbih Sultan 1497-ci ilin dekabrında Muradı (1497-1498) Qum şəhərində Ağqoyunlu 111 hökmdarı elan edərək, onun adından pul kəsdirdi. Murad Əbih Sultandan asılı olmaqla Ağqoyunlu dövlətini, qardaşı Məhəmməd Mirzə isə Muradın vassal asılılığını qəbul etməklə Yəzdi idarə etməyə başladılar. 1499-cu ilin sonunda Muradın əmisi oğlu Əlvənd Təbrizi ələ keçirdi. Ağqoyunlu taxtı uğrunda 2 güclü varisMurad və Əlvənd arasında mübarizə kəskinləşdi. 1500-cü ilin əvvəllərində dərviş Baba Xeyrullahının köməyi ilə Təbriz yaxınlığında Əbhər adlanan yerdə onların arasında sülh sazişi imzalandı. Bu müqaviləyə görə, Qızılüzən çayı sərhəd olmaqla Diyarbəkir, Azərbaycanın Kürdən cənubdakı hissəsi və Qarabağ Əlvəndə, bütün Ərəb İraqı, Fars və Kirman isə Murada çatdı. Bu parçalanma Ağqoyunlu dövlətinin süqutuna gətirib çıxardı (8, s. 385-386). Ərdəbil hakimliyi. XIII əsrdə monqolların işğal etdikləri ərazidə kortəbii sufi dərviş təriqəti (orden və ya məktəbi) yarandı. Onlardan biri Ərdəbil şəhərində yaranmışdı. Ordenin və şeyxlər sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin İshaq əl-Musəviəl-Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi. Səfəvilər Azərbaycanda və Şərq ölkələrində yaranmış ağır vəziyyətin səbəbini XIVXV əsrlərdə bu yerlərdə hökm sürən sünnilik təriqətində görürdülər. Məhz buna görə də sünnilik əleyhinə ümumxalq mübarizəsi aparılması və şiə tərəfdarlarının hakimiyyətə gəlməsi üçün şərait yaradılmalıdır. Səfəvilər müxtəlif vədlərlə xalq kütlələrini öz tərəflərinə çəkərək, hakimiyyət uğrunda mübarizəni genişləndirirdilər.Bu mübarizə Şeyx Səfiəddin İshaqdan sonra Səfəvilərin görkəmli başçıları Şeyx Cüneydin, Şeyx Heydərin, Şeyx Sultanəlinin, Şah İsmayılın (1487-1524) dövründə daha kəskin xarakter aldı və Səfəvi dövlətinin yaranması üçün lazımi şərait yarandı. Səfəvilərin Ərdəbil hakimliyi dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda hakimiyyət dövrü isə 1736-cı ilə qədərdir. Ərdəbil hakimliyi mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasının rüşeymi olmuşdur. XV əsrin II yarısında Muğanın bir hissəsi, Qarabağ və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları onların təsiri altına düşdü. Azərbaycanın cənubunda Qaraqoyunluda 112 hökmranlıq edən Cahanşah Şeyx Cüneydin Ərdəbildən çıxmasını tələb etdi. Cahanşahın köməyi ilə Ərdəbildə Səfəvi təriqətinə Cüneydin əmisi Şeyx Cəfər (1449-1470) başçı oldu. 1449-cu ildə Güneyd Ərdəbili tərk etdi. O, Misiri, Suriyanı, Mesipotamiyanı gəzib bir neçə ildən sonra 20 min müridlə Kiçik Asiyaya-Diyarbəkirə qayıtdı, Uzun Həsənlə qohum oldu. 4 ilə yaxın Diyarbəkirdə qaldı. 1459-cu ildə Güneyd Ərdəbilə qayıtmaq istədi. Şeyx Cəfər onu Ərdəbilə buraxmadı. 1460-cı ilin martında Güneyd oradan Şirvana və Dağıstana yürüş etdi. Şirvanşah I Xəlilullah Cahanşahla ittifaqa girdi və Dərbənd yaxınlığında Səfəvi qoşununun qabağını kəsdi. Samur çayı sahilində döyüşdə Səfəvilər məğlub oldular, Şeyx Güneyd öldürüldü. Müridlərin bir hissəsi Ərdəbilə qayıtdı. Güneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin qızı Aləmşah xatınla evləndi. 1470-ci ilin əvvəllərində Uzun Həsən Ərdəbilə gəldi və Şeyx Cəfəri qəyyum saxlamaqla Şeyx Heydəri təntənəli surətdə irsi taxtda oturtdu. Şeyx Heydərin vaxtında qızılbaşlar əvvəlki türkmən başlıqları əvəzinə 12 imamın şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma qoyurdular. Ona görə onlara qızılbaşlar deyirdilər. Bu tədbirlər Şeyx Heydəri məşhurlaşdırdı. Şeyx Heydər Yaqub padşahın razılığı ilə 1483-cü ildə Şirvana və Dağıstana yürüş etdi. 2-ci uğurlu yürüşü 1487-ci ildə oldu, bu Sultan Yaqubu qorxuya saldı. Ona görə də Heydərin Şirvana 3-cü yürüşü zamanı (1488) Şarvanşah Fərrux Yasara kömək etdi, sərkərdəsi Süleyman bəy Bicanoğlunun komandanlığı ilə qızılbaşlarla döyüşə qoşun göndərdi. Şeyx Heydər cənuba-Tabasarana döndü. 1488-ci il iyunun 9-da Şahdağın ətəyində qanlı döyüş baş verdi. Hər iki tərəf xeyli itki verdi, Şeyx Heydər öldürüldü (8, s. 395). Yaqub padşah Ərdəbili və Səfəvilərin başqa torpaqlarını işğal etdi. O, Heydərin oğulları-Sultanəlini, İbrahimi və hələ 2 yaşı olmamış İsmayılı anaları ilə birlikdə əsir aldı. Onlar 5 il Şiraz yaxınlığındakı İstərx həbsxanasında qalmışlar. Uzun Həsənin nəvəsi Rüstəm şahzadələri həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Əhər yaxınlığındakı döyüşdə Rüstəm Mirzə və Sultanəlinin qoşunları Baysunquru məğlubiyyətə uğratdı və öldürüldü. Sul- 113 tanəli qələbə ilə Təbrizə qayıtdı. Səfəvi tərəfdarlarının güclənməsindən qorxan Rüstəm onlara qəsd təşkil etdi. Bundan xəbər tutan Sultanəli qardaşları və yaxın adamları ilə birlikdəTəbrizdən Ərdəbilə getdi. Rüstəm onların ardınca 5 min süvari göndərdi. Döyüş başlanana qədər (1494) Sultanəli sufi əmirlərinin yığıncağında İsmayılı “Səfəviyyə” ordeninin başçısı kimi xələfi təyin etdi. Qardaşlarını Ərdəbilə yola saldıqdan sonra düşmənə tərəf dönən Sultanəli Şəməsi adlanan yerdə məğlub olaraq öldürüldü. 1494- 1495-ci illərdə Rüstəm yenidən Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt etdi. Əbih Sultan Ərdəbildə səfəvilərin xeyli hissəsini qılıncdan keçirdi. Qızılbaş tərəfdarları şahzadələri xilas edib, İsmayılı Lahicana-Gilanın Biyəpiş vilayətinin hakimi, Kərkiyə sülaləsindən olan Mirzə Əlinin sarayına apardılar. Rüstəm Kərkiyə Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb etdi. O, isə İsmayılı zənbildə sıx yarpaqlı ağacdan asdı və Qurana and içib onun Gilan torpağında olmamasını 300 süvari ilə gəlmiş Qasım bəyə bildirdi. İsmayıl 6 il Lahicanda qaldı. Rumdan, Qaracadağdan, Ərdəbildən İsmayılın yanına çoxlu tərəfdar gəlirdi. 4. XV əsrdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət XV əsrdə Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri müsəlman Şərqinin ən güclü dövlətləri idi. Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatında Azərbaycan tayfalarının hərbi feodal əyanları-Baharlı və Bayandur tayfaları rəhbər rol oynayırdılar. Hər iki sülalənin dövlət başçıları padşah titulu daşıyırdılar. Uzun Həsən özünün Osmanlı və Teymuri sultanları səviyyəsində olduğunu bildirmək üçün sultan titulunu qəbul etmişdi. Şirvanşahlar dövlətinin başçıları özlərini şah adlandırırdılar. Ordunun baş komandanı əmir-əl-üməra (əmirlər əmiri) titulunu daşıyır, padşahdan sonra 2- ci şəxs sayılır. Sonrakı yerdə sədr-əzəm dayanır və mövlana (ağa) ləqəbini daşıyırdı. O, ruhanilərə başçılıq edir, vəqf mülklərinə, onlardan vergilərin toplanmasına, mədrəsələrə və dini müəssisələrə 114 başçılıq edir, məhkəmə işlərini nizamlayırdı. Mərkəzi dövlət aparatında sonrakı yeri baş vəzir tuturdu. O, daxili inzibati və xarici işlərə, dövlət gəlirinin hesablanmasına və maliyyə işlərinə baxırdı, şahın möhürdarı, sahibi-divan idi. Ağqoyunlu və Qaraqoyunlu dövlətində hərbi-təşkilati işlər köçmə adəti (qoşun hissəsi ailə üzvləri ilə birgə olurdu) ilə bağlı idi. Qadınları çox səliqəli geyinir, at minir və onu məharətlə sürürdülər. Bu dövlətlərin imtiyazlı qvardiya dəstələrindən əlavə, 100 min, Şirvanşahlar dövlətinin isə 60 minə qədər qoşunu vardı. Dövlət (divan), sülalə (xass), xüsusi irs (mülk) və müsəlman ruhanilərin isə vəqf torpaqları var idi. Hərbiköçmə əyanlara iqta əvəzinə irsən keçən soyurqal torpaq paylanırdı. Soyurqal sahiblərinin iqtaya nisbətən hüquqları daha geniş idi, onlar vergi toxunulmazlığı hüququna malik idi. Kəndlilər 40-dan çox vergi verir və mükəlləfiyyət icra edirdilər. Malcəhət (məhsul vergisi) Uzun Həsənin “Qanunnamə”sinə əsasən məhsulun 1/5 təşkil edirdi. Sudan istifadə müqabilində bəhrə vergisi, maldarlardan çobanbəyi, sənətkar və tacirlərdən tamğa, bac vergisi, əhalidən can vergisi alınırdı. XV əsrin 30-80-ci illərində Cahanşahın, Uzun Həsənin, Sultan Yaqubun hakimiyyəti dövründə şəhər həyatı xeyli canlandı. Uzun Həsənin islahatı şəhərlərin yüksəlişi üçün rəsmi tədbir idi. Başlıca limana çevrilən Bakı şəhəri Moskva knyazlığı və Mərkəzi Asiya ilə ticarət əlaqələrində əsas rol oynayırdı. Burada neft hasil olurdu, sikkəxana da var idi. Venesiya diplomatı A. Kontarini deyirdi ki, Şamaxı məhsulların çoxluğuna görə Təbrizdən üstün olmuşdu. Təbriz, Gəncə, Ərdəbil və Şamaxı mühüm toxuculuq mərkəzləri idi. Gəncədə ipəkqurdu yetişdirilirdi və ipək hazırlanırdı. Şirvanın ipək parçaları dünyada tanınırdı. Təbriz və Şirvan xalçaları, Təbriz dulusçuluq, ustaların yaratdıqları göy, mavi, ağ və firuzəvi rəngli tikinti materialları bir çox ölkələrdə istifadə olunurdu. Misgərlik və dəmirçilik peşələri inkişaf etmişdi. Mis qablar əhalinin məişətində əsas yer tuturdu. Hətta, Uzun Həsənin sarayında qab-qacaq misdən idi. AzərbaycanRusiya ticarət əlaqələrində Həştərxan mühüm rol oynayırdı. 115 Avropa ilə Asiyanı əlaqələndirən mühüm beynəlxalq karvan yolları Azərbaycandan keçirdi. Xalq hərəkatı. 1484-cü ilin yazında, Maku şəhərinin cənubşərqindəki Sofi kəndində Qaraqoyunlu Topal Əhmədin başçılıq etdiyi kəndli çıxışları oldu. Ağqoyunlu Yaqub padşah 1484-cü ilin aprelində Qarabulaq kəndi yaxınlığında üsyançıları məğlub etdi, Topal Əhməd öldürüldü. Mədəniyyət. XV əsrdən etibarən ana dilində şerə daha çox maraq göstərilirdi. Həbibi, Kişvəri, Cahanşah Həqiqi, Qasimi (“İşıq şüaları saçan”) təxəssülü ilə tanınan Şah Qasım Ənvar tanınmış şairlərdən idi. Kişvəri Təbrizinin lirik şeirləri, Xətai Təbrizinin “Yusif və Züleyxa” poeması, Həqirinin “Leyli və Məcnun”u, Nizami motivi üzrə fars dilində “Xəmsə” yaratmış Əşrəf Marağai daha çox tanınırdı. Əbdülqadir Marağai muğamlar, mahnı və rəqs melodiyaları yaratmışdır. Rəssamlardan Əmir Dövlətyar, onun şagirdləri Əbdül Müsavar və b. məşhur idi. XV əsrdə Bakıda ucaldılan Şirvanşahlar sarayı kompleksinin binalarından biri divanxanadır. Şirvanşahlar sarayı kompleksində qabarıq təsvirlərdən, yazılardan ibarət olan “Bayıl daşları”nın tərtibatı, Mərdəkan qalası kitabəsi və s. diqqəti xüsusilə cəlb edir. Qaraqoyunlu Cahanşahın əmri ilə 1465-ci ildə Təbrizdə “Göy məscid” tikilmiş, onun divarları və üstü mərmərdən və mavi kaşidan hörülmüşdü. Ağqoyunlu hökmdarı Yaqub padşah 1483-cü ildə Təbrizdə “Həşt-behişt” adlanan böyük bir saray kompleksi tikdirmişdi. Bu sarayın kitabxanası, məscidi, min çarpayılıq şəfa evi, cıdır meydanı və xiyabanı var idi.