Vladimir Putin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq etdi 

            Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayan və bəzi təhdid ritorikası hiss olunan Rusiya prezidenti Vladimir Putinin Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı imzalanmış sənəd barədə Rusiya televiziyasına verdiyi müsahibə əsasən erməni cəmiyyəti və erməni dairələrinə ünvanlanmış mesajlardan ibarət idi.

            Əvvəla Rusiyaya qarşı şıltaqlıq edən erməni lobbisi, erməni cəmiyyətləri və ictimaiyyətinə şəxsən Rusiya prezidentinin birbaşa, şifrəsiz, açıq mətnlə müraciət etmək zorunda qaldığını göstərir. Və bir növ izahat-hesabat çıxışı edərək, konkret qəti mesajını çatdırdı. Çünki Rusiyanın istəyi lazımi dairələrə lazımi kanallarla çatdırılmışdı. Qısaca bu mesajları, Vladimir Putinin dediklərini  aşağıdakı kimi punklaşdırmaq olar:

            - Rusiya öz müttəfiqi olan Ermənistana kifayət qədər hərbi-texniki yardım göstərib və erməni rəhbərliyi buna görə həmişə minnətdarlığını bildirib.

            - Atəşkəsin müəyyən olunmuş şərtlərlə dayandırılmasını müharibənin gedişində Rusiya Ermənistana təklif edərkən Erməni tərəfi döyüşməyi üstün tutub.

            - Hazırda Rusiyanın istəmədiyi hakimiyyət dəyişikliyi ermənilər üçün intihara bərabərdir.

            - Paşinyanın satqın olmadığını erməni cəmiyyətinə çatdıraraq hələ onunla işləmək istədiyini bildirdi və heç bir halda imzalanmış sənədin imtinasının yol verilməz olduğu mesajını verdi.

            - Rusiya xilaskarlıq missiyası ilə Qarabağa gəlib onları ölümdən qurtarıb və status məsələsi hələ müzakirə mövzusu deyil. Eyni zamanda Rusiya Prezidenti Ermənistan cəmiyyətində yaranmış anti-rus rəyinin üstünlük təşkil etdiyini dəqiq bildiyi üçün məhz ictimaiyyətə  və adiyyəti dairələrə Sorosun gətirdiyi bəlanın cəzasını çəkməli olduqlarını bildirərək Rusiyanın xilaskar missiyasına möhtac olduqlarını başa salır. Yəni fakt qarşısında seçim yoxdur və Rusiyaya etimad yeganə seçimdir .

            Ermənistanı həm ərazi olaraq, həm siyasi hakimiyyət olaraq Qərbə qətiyyən güzəştə getməyə razı olmayan Rusiya Prezidenti  öz müsahibəsində bir neçə dəfə Dağlıq Qarabağın müstəqilliyinin heç Ermənistanın tanımadığını, bu ərazinin Azərbaycana aid olduğunu,  Beynəlxalq hüququn bunu təsdiq etdiyini bildirən Rusiya prezidenti eyni zamanda Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olan və Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə hörmətlə rəfdar etməsi üçün Abxaziya, Acarıstan və Krım kimi dünyada Rusiyadan başqa heç bir dövlətin tanımadığı saxta qurumların da adını çəkməklə təhdid etməkdən də yan keçmir.

            Və status məsələsinin xatırlatmaqla Erməni tərəfdə hansısa məchul ümid yaratmaqla Azərbaycan tərəfə də hədələyici mesaj verir. Yəni Rusiya bu məsələdə birinci məqsədinə qismən nail olduqdan sonra növbəti  mərhələlərdə oyuna Minsk qrupunun digər həmsədrlərini qatmaqla oyunun istiqamətini müəyyən qədər dəyişmək şansını əlində saxlayır. Bu da Azərbaycan- Turkiyə faktoruna qarşı Rusiyanın qarantiyası kimi əlində saxladığı "Kozırdır".

            Bütün bu oyunlara rəğmən Rusiya və Ermənistan öz imzaları ilə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək zorundadırlar. İşğal faktı və ərazilərin boşaldılması öhdəliyi Azərbaycanın bundan sonrakı siyasi, hərbi və diplomatik üstünlüyünü ciddi və birmənalı şəkildə təmin etdiyi kimi, Beynəlxalq Hüquq və Beynəlxalq məhkəmə üstünlüyü və imkanını rəsmiləşdirib təsdiq etdi. Bundan sonrakı, yeni hərbi əməliyyatlar istənilən halda Ermənistanın təkcə Qarabağda məhvinə deyil, İrəvanın vurulmasına heç bir məhdudiyyət qoymur.

            Sadəcə olaraq zaman məsələsində və Rusiyanın  sülhməramlı missiyası öhdəliklərinin dəqiqliklə yerinə yetirilməsini bacarıb-bacarmayacağını diqqətlə izləyib münasibət bildirmək qalır. Əgər Rusiya sülhməramlıları üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəklərsə və meşələrimizin yandırılmasına şərait yaradacaqlarsa Azərbaycan və Türk ordusu bu missiyanı öz üzərinə götürə bilər. Xatırlatmaq yerinə düşər ki, Rusiya sülhməramlılarının missiyası təkcə Erməniləri Xankəndinə qaytarmaqdan ibarət deyil və Gəncəni ballistik raketlə vurmaq əmrini  şəxsən özünün verdiyini (?!) etiraf edən saxta qurumun cinayətkar başçısı Arkadi Araikyanla rəsmi görüş  bu missiyanın bitərəf və humanitar fəaliyyətinə kölgə salır.

            Ancaq ümumiyyətlə götürdükdə dünyanın bütün hərbi və siyasi ekspertlərinin birmənalı rəyinə görə bu münaqişənin birmənalı və qeyd şərtsiz udan tərəfi Azərbaycan və onun Ali Baş Komandanı Prezident İlham Əliyevdir. İmzalanmış sənəd Azərbaycanın hərbi-siyasi və diplomatik qələbəsinin hüquqi rəsmiləşdirilməsi olduğu kimi Rusiya Prezidenti Vladimir Putunin də rus televiziyasına 17 noyabrda verdiyi müsahibə həmin sənədin Ermənistanın işğal faktının və Azərbaycanın ərazi bütövlüyünün Rusiyanın birinci şəxsinin timsalında bir daha təsdiqi idi. Eyni zamanda Vladimir Putin Türkiyə ilə Qafqazda əməkdaşlıq edəcəklərini bildirməklə NATO-nun ən güclü ikinci hərbi qüvvəsi ilə NATO-dan kənar əməkdaşlıqla bu hərbi blokun Rusiyaya qarşı gücünü zəiflətmiş olur. Və bu reallığı faktiki əməkdaşlıq kimi qiymətləndirir.

            Qarabağ məsələsinin real həlli demək olar ki, artıq elan olunmuşdur. Azərbaycan Prezidenti Cənab İlham Əliyev qəti surətdə rəsmi olaraq bildirib ki, Qarabağda heç bir xususi statusdan söhbət gedə bilməz və 1990-92- ci ilə qədər orada yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq qayıdıb Xankəndidə yaşaya bilərlər. Azərbaycan ərazisində Ermənistana məxsus hər hansı hərbi və mülki obyekt və subyekt ola bilməz!

 

            Resurs Analitik  İnformasiya Mərkəzi