Səudiyyə Ərəbistanı ərəb dünyasında ən böyük investora çevrilib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Misir və İordaniyaya səfərləri çətin sosial-iqtisadi vəziyyətdə olan hər iki ölkədə böyük sevinclə qarşılanıb. Belə ki, ərəb dünyasında ən mühüm investora çevrilən Ər-Riyad yeni infrastruktur layihələrinə milyardlarla dollar vəsait ayıracaq.

AZƏRTAC xəbər verir ki, Məhəmməd bin Salmanın Qahirəyə səfəri çərçivəsində 7,7 milyard dollar həcmində 14 investisiya sazişi imzalanıb. Bu sərmayələr neft, bərpa olunan enerji, yaşıl hidrogen, informasiya-kommunikasiya texnologiyaları, farmasevtika, infrastruktur və kiber təhlükəsizlik sahələrinə yönəldiləcək. Ən böyük sərmayəçi şirkət isə “ACWA Power” olacaq. Bu şirkətin həyata keçirəcəyi layihə yaxın gələcəkdə Süveyş körfəzində 1,100 meqavat külək elektrik enerjisi hasil etməyə imkan verəcək. Ümumilikdə, Misirdə Səudiyyə Ərəbistanından olan 60 şirkət müxtəlif sahələrə sərmayə qoyacaq.

Misirin Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi də artaraq 14,4 milyard dollara çatıb. Son illərdə Səudiyyə Ərəbistanının 6 minə yaxın şirkəti qonşu ölkənin iqtisadiyyatına 32 milyard dollar sərmayə qoyub, həmçinin dövlətə məxsus Ər-Riyad Bankı gələcəkdə investisiya məqsədi ilə istifadə etmək üçün Misir bankında 5 milyard dollar depozit yerləşdirib.

Məhəmməd bin Salmanın İordaniyaya səfəri də geniş investisiya layihələri ilə yadda qalıb. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 16,6 milyard dollardır. Səudiyyə Ərəbistanı İordaniyada 14 milyard dollardan çox sərmayə ilə 900 layihə həyata keçirib. Səfər çərçivəsində isə daha 2,3 milyard dollarlıq investisiya layihələrinin həyata keçiriləcəyi açıqlanıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin Misir və İordaniya, bu gün isə Türkiyəyə səfərlərində qlobal və regional sülh və təhlükəsizlik məsələləri də gündəmdədir. Ər-Riyad digər ərəb ölkələrinin liderləri ilə ABŞ Prezidenti Co Baydenin qarşıdakı Yaxın Şərq səfəri və qlobal ərzaq böhranını da müzakirə edir. İyulun 15-16-da isə Səudiyyə Ərəbistanının liderliyi ilə Körfəzin Ərəb Ölkələri Şurasının sammiti keçiriləcək.