İlham Əliyevin tərifə ehtiyacı yoxdur! Ancaq Prezidentin xalqın münasibətinə və rəyinə ehtiyacı var.

Son zamanlar kütləvi informasiya mənbələrində, sosial şəbəkələrdə və digər informasiya resurslarında ayrı-ayrı vətəndaşların, fərd və ya cəm halda Azərbaycan Prezidentinin ünvanına göndərilən minnətdarlıq müraciətləri müzakirə mövzusuna çevrilmişdir. Minnətdarlıq ifadə olunan belə məktubların hardan qaynaqlandığı, hansı səbəbdən ortaya çıxdığı və niyə məhz indi daha çox kütləvi hal aldığı sualları sosial ekspertlərin diqqətindən yayınmayıb. Resurs Analitik Informasiya Mərkəzi tərəfindən mütəmadi olaraq aparılan sosioloji sorğular və tədqiqatlar da təsdiq edir ki, dövlətin demək olar ki, bütün strukturlarını əhatə edərək ölkədə aparılan geniş islahatlar və yenilənmə siyasəti xalqda iqtidara rəğbəti xeyli dərəcədə artırmış və Azərbaycan Prezidenti İlham Əliyevin reytinqini və şəxsiyyətinə inamı böyük dərəcədə gücləndirmişdir.

MİNNƏTDARLIQ MƏKTUBLARI NƏDİR VƏ BU DÖVLƏTƏ VƏ VƏTƏNDAŞA NƏ VERİR?

Vətəndaş, yəni hakimiyyətin mənbəyi olan xalqın nümayəndəsi dövlətin subyektlərinə, o cümlədən dövlətin atributu, simvolu və ali təmsilçisi olan Prezidentə müraciət edir. Birincisi, bu müraciətin özü vətəndaş-dövlət, xalq-iqtidar münasibətinin ahəngdar nümunəsidir. İkincisi, vətəndaş öz müraciətində hər hansı rəy, istək və yaxud iradlarını ifadə edir, dolayısı ilə dövlət idarəçiliyi, siyasi yönətim prosesinə münasibət ifadə edərək bu prosesin iştirakçısına çevrilir. Yəni vətəndaşın rəyi sosial münasibətin ifadəsi, yürüdülən siyasətə xalqın verdiyi real qiymətdir ki, bu da hər hansı bir iqtidarın diqqətdə saxladığı və nəzərə alınması vacib olan məsələlərdəndir.

Vətəndaşlar dövlətin idarəçiliyini səs verərək həvalə etdiyi iqtidarın sonrakı siyasi, iqtisadi, sosial və digər yönətimlərinə də münasibət ifadə edərək fikir, rəy, təşəbbüs, tənqid və dəstək-minnətdarlıq bildirməklə, hazırki qlobal internet məkanında əslində bu həm asanlaşmış, həm də gizlədilməsi mümkünsüz olan bir dövrdə proseslərdə fəal iştirak edə bilir.

NİYƏ MƏHZ İNDİ DAHA AKTİV?

Hazırda dünyanın düzəninə və düşüncəsinə hakim kəsilən pandemiya insanlara gətirdiyi bir çox yeni vərdişlər, sosial-ictimai münasibətlər, mənəvi-ruhi, psixoloji keyfiyyətlərlə yanaşı, iş, qazanc cəhdindən məhrum olaraq evdə qalıb informasiya trafiki, informasiya bolluğu və yeganə virtual imkanında hərəkət etməyə başlamasıdır. Yəni dünyanın haliyədəki insanı informasiyanın içərisində, insanların informasiya prosesində fəal olmasının bir səbəbi də budur ki, adamların siyasi və digər prosesləri izləməyə və təhlil etməyə daha çox vaxtları vardır.

Hər bir ağıllı iqtidar apardığı siyasətin nəticəsi və effekti ilə maraqlanır. İlham Əliyev daha çox siyasətini milli maraqlar üzərində quraraq və birbaşa sosial izdihamlarla ünsiyyətə girərək, müxtəlif vasitələrlə, həm sosial şəbəkələrdən, kütləvi informasiya daşıyıcıları vasitəsilə, həm də hər imkanda canlı təmaslara üstünlük verərək məmurlara və sadə xalqa çağırış edərək nümunə və örnək verir. Beləliklə, horizontal müstəvidə birbaşa xalq-iqtidar münasibəti və və dialoqun yaranmasına nail olur ki, bu da şəffaflığa və məmur özbaşınalığına, neqativ halların yaranmasının, məmurların manevr imkanlarının məhdudlaşmasına yönəlmiş addımlar kimi qiymətləndirilir. Hakimiyyətin mənbəyi xalqdır və dövlətin ən qiymətli sərvəti - Azərbaycan vətəndaşıdır. Dövlətin zaman-zaman sosial siyasətində yeniliklər və sosial paketin coğrafiyasının genişlənməsi müasir dayanıqlı inkişafın adekvat təzahürüdür. Bu nəticə deyil, bir prosesdir, minnətdarlıq məktublarının bir səbəbi isə sosial siyasətin gücləndirilməsidir.

PREZİDENT İLK SƏRƏNCAMLA SOSİAL YARDIM AYIRDI

2018-ci ildə qəbul olunmuş, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artması, problemli kreditlərin vətəndaşların xeyrinə həll olunması ilə nəticələndi. Prezident seçiləndən dərhal sonra sosial paketin ilk təzahürü Cənab Prezidentin 2018-ci il aprelin 18-də imzaladığı sərəncamla başladı. Aztəminatlı və imtiyazlı ailələrə, həmçinin şəhid ailələrinə, qarabağ əlillərinə və məcburi köçkünlərə birdəfəlik ödəmələr həyata keçirilmişdir.

Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı. İin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilmişdir. Dövlət başçısının keçən ilin 18 iyun tarixli sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başlandı və yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə etmişdir.

Bütövlükdə, prezident sərəncamları ilə əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb oldu. Dövlət büdcəsinin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaratdı. Əməkhaqlarının artımı həm də ölkədə iqtisadi aktivliyi artırdı. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı. Əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi.

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə sosial paketin davamı olaraq martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40%-nin və ya 600 mindən çox işçinin əmək haqlarının artmasına imkan verib. Prezident cənab İlham Əliyevin xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən ibarət olan pensiyaçıları da əhatə edir. Yanvar və fevral aylarında növbəti dəfə pensiyaların artımı ila bağlı əlavə olaraq 15 milyon manat vəsait ayrılmışdır. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edərək, onlardan 9 min nəfərin pensiyasında 93 faiz , 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz artım özünü göstərmişdir. Bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşür. Azərbaycanda minimum əmək haqqı alıcılıq qabiliyyəti pariteti ilə götürüləndə Şərq Tərəfdaşlığı ölkələri arasında birinci yeri tutur. Azərbaycanın Davos Forumunun hazırladığı "Qlobal Rəqabətlilik hesabatı"na görə dünyada 144 ölkə arasında 39-cu, MDB məkanında isə 1-ci yerə çıxmasını qeyd etmək lazımdır.

2019-cu ilin əvvəlində 40 min ailə bu sosial paket proqramından yararlanırdısa, ilin sonunda artıq ailələrin sayı 72 min oldu. Yəni, bir il ərzində çox ciddi şəkildə, təqribən iki dəfə artım əldə edildi. Digər tərəfdən, 2019-cu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılıb həyata keçirildi. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir. Bununla bərabər, kriteriyaların yumşaldılması və bu istiqamətdə əhaliyə dəstək verilməsi barədə torpaq pay mülkiyyəti ilə bağlı yüngülləşmələr tətbiq olundu, sırf o islahatın nəticəsində əlavə 7 min ailə ünvanlı sosial yardım proqramına daxil ola bildi. Əgər 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatdı. Bu il üçün bu rəqəm 215-220 manat arasında olacaq. Deməli hər ay ünvanlı sosial yardım alanlar bu qədər vəsaitlə təmin olunacaqlar.

2019-cu ilin fevralında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi məqsədlərinə 1,5 milyard manat ayrılmışdır.

Dövlət başçısının "Minimum aylıq əmək haqqının artırılması haqqında" sərəncamına əsasən ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılmışdır. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Bu da dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə müəyyən edilmiş əməkhaqqının orta hesabla 40 faiz artırılmasına imkan verir. Ümumilikdə minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə etmişdir. Əvvəldə qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin fevral ayında imzaladığı sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı. Bu isə o zaman 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan vermişdir. Ölkədəki mütərəqqi sosial siyasəti özündə növbəti dəfə bariz şəkildə ehtiva edən keçən ildə qəbul olunmuş son qərarlar ümumilikdə 2 milyon insanı əhatə etmişdir.

AZƏRBAYCAN DÖVLƏTİ PANDEMİYANIN YARATDIĞI PROBLEMLƏRİN ÖHDƏSİNDƏN GƏLƏ BİLDİ

Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyası dövründə aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll edilməsi ilə bağlı iki aylıq birdəfəlik ödəmələr üçün tapşırıq verdi. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Sonradan ümumi vəziyyəti nəzərə alınaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırıldı. Eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlar bu ödəmədən yararlanacaqlar. Onların da problemlərini dövlət öz üzərinə götürür. Yeri gəlmişkən dünyanı ağuşuna alan virus epidemiyasından öz vətəndaşlarını qorumaq üçün əvvəlcədən, vaxtında qabaqlayıcı tədbirlər həyata keçirən Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində görülən işlər nəticəsində xalqın milli birliyi və sağlamlığının qorunmasına nail olmuşdur. Hazırda yaranmış xaosdan xilas olmaq üçün yardım axtaran Qərb və bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan dövləti pandemiya ilə mübarizədə ÜST-ı vasitəsilə yardım etmiş və öz vətəndaşlarımızın sağlamlığı və bu istiqamətdə tədbirlər proqramının həyata keçməsi üçün müxtəlif sərəncamlarla 6milyard 34 milyon 800min manat dövlət büdcəsindən vəsait ayrılmışdır ki, bu sosial proqram davam etməkdədir. Azərbaycanın epidemiyanın başlanğıcında ÜST- ilə əməkdaşlığa başlaması dövlətimizin beynəlxalq proseslərdə aktiv fəaliyyətinin və çevik beynəlxalq siyasət yürüdə bilmək bacarığının göstəricisidir. Nəticə isə uğurlu və vətəndaşın xeyrinədir.

Dövlətin qüdrəti artdıqca sosial siyasət də yeni keyfiyyətlər kəsb etməyə başlamışdır. Bunun üçün daxili sabitlik və güclü stabil iqtisadi vəziyyət, düzgün və çevik xarici siyasət başlıca şərtdir. Minnətdarlıq məktublarının qaynaqları kimi Azərbaycanın xarici siyasətindəki çevik diplomatiyanın da rolu böyükdür. Beynəlxalq siyasətin subyekti olan Azərbaycan bütün qlobal proseslərdə aktiv iştirakçı olmaq əzmi və hüququ əldə etmişdir ki, bu da dövlətin nüfuzunun və gücünün göstəricisidr. Ermənistan-Azərbaycan münaqişəsində, artıq, rəqabət müqayisəolunmaz dərəcədə dəyişilmişdir. Valday diskussiya klubunda, ardınca MDB-nin Astana sammitində, sonra isə Münhen konfransında Azərbaycan Prezidenti Ermənistan rəhbərinə açıq və məğlubedici diplomatik zərbə vuraraq "Qarabağ Azərbaycandır nida" deməklə milli iradəni nümayiş etdirdi. Və bu jest, əslində Ermənistanı siyasi meydanda oynadanlara Prezident İlham Əliyevin açıq mətn ilə verilmiş birbaşa mesajı idi. Ermənistanla müharibə meydanında dönüş nöqtəsi olan aprel döyüşlərindən sonra Dövlətin milli iradəsinin və qüdrətinin nümayişi xalqın öz dövlətinə və İlham Əliyev iqtidarına inamını gücləndirmişdir.

Hazırkı qloballaşan informasiya trafikində vətəndaşların düşünməyə, təhlil etməyə və məlumatlanmağa kifayət qədər imkanları olduğu üçün, həm də elektron vasitələrlə proseslərə münasibət bildirmək imkanı əldə edən vətəndaşlar öz sosial münasibətini asanlıqla ifadə etmək imkanı qazanmışlar. Cəmiyyətdə milli həmrəylik və mərhəmət hisslərinin yüksəlməsi-humanizm prinsiplərinin təbliği üçün ilk nümunəvi addımların da iqtidardan-İlham Əliyevdən gəldiyi cəmiyyətdə çox müsbət ideoloji mesaj rolu oynadı. Və bu prosesə çevrilərək bütün cəmiyyəti əhatə etdi.

Minnətdarlıq məktubları insanların, cəmiyyətin sabaha inamının və ümidinin ifadəsi kimi də dəyərləndirilə bilər. İnsanlar artıq epidemiya ilə mübarizədə öz dövlətinin düzgün qurulmuş siyasətinin müsbət nəticəsinə inanaraq, postpandemiya dövrünə də ümidlə baxırlar.

Rasim Quliyev,
Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri