Qazaxıstan, Özbəkistan və Qırğızıstan qərar verdi: Müharibəyə gedənlərə həbs cəzası

 

Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarına Ukraynada döyüşməyi qadağan edib. APA TV xəbər verir ki, bu barədə TRT-nin Rusya xidməti məlumat yayıb. Qeyd olunub ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qarşı çıxıblar.

Sentyabrın 21-də Qırğızıstanın Rusiyadakı səfirliyi bildirib ki, xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştirak edəcək vətəndaşlar cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bundan başqa, Rusiyada yaşayan və hər hansı hərbi əməliyyatlarda iştiraka çağırılacaq Qırğızıstan vətəndaşlarına dərhal öz ölkələrinin diplomatik nümayəndəliyi ilə əlaqə saxlamaları tövsiyə olunub.

Səfirlikdən o da bildirilib ki, müharibəyə gedən Qırğızıstan vətəndaşlarını 5 ildən 10 ilə qədər həbs gözləyir. Hətta onların əmlakları da müsadirə oluna bilər.

TRT-nin Rusya xidməti Özbəkistan və Qazaxıstanın da bir gün əvvəl oxşar mövqedən çıxış etdiyi barədə məlumat verib.

Özbəkistanın Rusiya Federasiyasındakı səfirliyi bəyan edib ki, xarici dövlətlərin ərazisində könüllü hərbi birləşmələr yaradan və yaxud döyüş əməliyyatlarında iştirak edən vətəndaşları 10 ilədək həbs cəzası gözləyir.