Mərkəzi Asiya ölkələrinə Azərbaycandan Avropaya çıxış əldə etmək daha sərfəlidir

 

Bu gün Mərkəzi Asiya ölkələri üçün ümdə əhəmiyyət kəsb edən məsələlərdən biri öz məhsullarını yeni marşrutlar vasitəsilə dünya, o cümlədən Avropa bazarlarına çatdırmaqdır. Dünyada mövcud geosiyasi gərginliklər fonunda bu məsələ Mərkəzi Asiya ölkələri üçün artıq əsas planda yer almağa başlayıb. Qeyd edilənlərlə bağlı olaraq mövcud vəziyyətdə Mərkəzi Asiya dövlətlərinin diqqəti daha çox Azərbaycan üzərində fokuslanmağa başlayıb və bu da təsadüfi deyil.

Azərbaycanın malik olduğu infrastuktur, digər tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün kifayət qədər cəlbedicidir. Elə bunun nəticəsidir ki, sözügedən regionda yer alan ölkələr Azərbaycan üzərindən daha çox həcmdə məhsul ixracı istiqamətində aktiv fəaliyyətə start veriblər. Digər tərəfdən, burada nəzərə alınır ki, Rusiya üzərindən ixrac hər an Qərb sanksiyaları və digər səbəblər üzündən dayandırıla bilər. Məsələn, Qazaxıstan neftinin timsalında bunu indi daha aydın şəkildə görmək mümkündür.

Elə bu günlərdə Rusiya Qazaxıstandan Novorossiysk limanı vasitəsilə Avropaya ixrac edilən neftin daşınmasını dayandırıb. İxracın dayandırılmasının rəsmi səbəbi liman sularında İkinci Dünya Müharibəsindən qalan və qəfil aşkarlanan minalardır. Onların aşkarlanmasından sonra limanın akvatoriyası tamamilə bağlanıb. Nəticədə ixrac üçün Qazaxıstandan neft tədarük edən Xəzər Boru Kəməri Konsorsiumu indi bu məhsulu Avropaya göndərə bilmir. Novorossiysk liman ərazisinin minalardan təmizlənməsi üzrə işlərin ayın sonuna qədər davam etməsi gözlənilir. Lakin bu müddətin uzanması da istisnalıq təşkil etmir. Nəzərə almaq lazımdır ki, Qazaxıstan hər il Rusiya vasitəsilə Avropaya 67 milyon ton neft tədarük edir. Bu səbəbdən neft ixracında bir günlük dayanma belə Qazaxıstanın milyonlarla ABŞ dolları həcmində gəlirdən məhrum olması deməkdir. Xüsusən də dünya bazarlarında neft qiymətlərinin yüksək olduğu bir zamanda.

Başqa bir önəmli məqam bundan ibarətdir ki, Ukraynada apardığı hərbi əməliyyatlar səbəbindən Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyalarının miqyası genişlənir. ABŞ, Avropa ölkələri, bir sıra dünya dövlətləri qarşıdakı dövr ərzində Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşırlar və yeni qadağalar daha çox enerji sektorunu əhatə edəcək. Bu şəraitdə Rusiya üzərindən neft ixracının qadağan edilməsi də perspektivdə istisna olunmur. Təbii ki, belə vəziyyətdə Qazaxıstan neftinin Rusiya ərazisindən Avropaya daşınması da mümkün olmayacaq. Hadisələrin bu səpkidə inkişaf ssenarisinin mümkünlüyünü nəzərə alan Qazaxıstan neftinin alternativ marşrutlar vasitəsilə dünya bazarlarına nəqlinin davam etdirilməsinə xüsusi diqqət edir və elə bu kontekstdə də Azərbaycanla əməkdaşlığını genişləndirir.

Qazaxıstanla yanaşı, Türkmənistan da öz enerji məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılmasına böyük maraq göstərir. Bu məsələ Gürcüstanın Batumi şəhərində “Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli” adlı beynəlxalq konfransda əsas diqqət mərkəzində olub. Konfransda Qazaxıstan və Türkmənistanın neft, neft məhsullarının Azərbaycan, Gürcüstan ərazisindən nəqli, bu yüklərin ötürülməsi imkanları müzakirə edilib. Aparılan müzakirələrdə Xəzər dənizindəki Qazaxıstan, Türkmənistan və Azərbaycanın limanlarının və neft terminallarının yükburaxma qabiliyyəti, onların imkanları, dəmir yollarının imkanları diqqət mərkəzində olub. Qeyd etmək lazımdır ki, son illər ərzində yükdaşımalar üçün infrastukturunu təkmiləşdirən, inkişaf etdirən Azərbaycan ərazisindən daha böyük həcmdə tranzit məhsullarını ötürməyə hazırdır. Bu, Batumi şəhərində keçirilən konfransda da diqqətə çatdırılıb. Nəticə etibarı ilə Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan daşınan enerji məhsullarının həcmində ciddi artım olması gözlənilir. Mərkəzi Asiya-Qafqaz-Avropa marşrutu təkcə neft və neft məhsulları yox, digər yükləri daşınması baxımından da Qazaxıstan, Türkmənistan üçün olduqca cəlbedicidir. Belə ki, Azərbaycanın əsas iştirakçlılarından biri olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərindən hazırda ən müxtəlif yüklərin daşınması mümkündür. Bu dəhlizlə daşımalar multimodal xarakterlidir.

Azərbaycanın tranzit imkanları Mərkəzi Asiyanın aparıcı ölkələri sırasında yer alan Özbəkistanın da ixrac imkanlarının genişləndirilməsinə böyük töhfələr vermək iqtidarındadır. Özbəkistan üçün nəqliyyat əlaqələrinin inkişafı və davamlılığı xüsusi önəm kəsb edir. Bu məsələyə xüsusi diqqət yetirən Özbəkistan artıq Xəzər dənizindəki Türkmənbaşı limanından istifadə edə bilməsi üçün Türkmənistanla razılığa gəlib. İndi rəsmi Daşkənd üçün əsas prioritet Bakı limanına çıxış əldə etməkdir. Bu məsələ də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri fonunda artıq öz həllini tapıb. Qarşıdakı dövr ərzində Türkmənbaşıdan Bakı limanına çatdırılan özbək yükləri Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyəyə, oradan da Avropaya aparılacaq. Əks istiqamətdə daşınmalarla Özbəkistan bu ölkələrdən ehtiyac duyduğu məhsulları alacaq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə qeyd edib ki, ölkəsi Bakı-Tiflis-Qars dəmir yolu ilə yük daşımalarını bundan sonra da artırmaq niyyətindədir: “Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir”.

Transxəzər Dəhlizi çərçivəsində Azərbaycanla Özbəkistan Mərkəzi Asiya, Cənubi Qafqaz, Avropa və Asiya qitəsində yer alan dövlətləri arasında əsas əlaqələndirici rol oynamaq iqtidarındadırlar. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində əldə edilən razılıqlar artıq bu istiqamətdə genişmiqyaslı fəaliyyətə başlandığını göstərir. Bu, hər iki ölkəninin iqtisadiyyatının daha sürətli inkişafına əlavə təkan verəcək. Eyni zamanda bu kontekstdə görülən işlər belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan mühüm beynəlxalq nəqliyyat qovşağı statusunu daha da möhkəmləndirəcək. Mövcud marşrutlarlarla yanaşı, Azərbaycan yenə belə tranzit dəhlizlərinin yaradılması istiqamətində də intensiv iş aparır. Bu xüsusda Zəngəzur dəhlizi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan müxtəlif istiqamətli layihələr indi daha çox diqqət cəlb edir. Nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirinin yaradılması, logistika imkanlarının genişləndirilməsi Azərbaycana qarşıdakı dövr üçün daha böyük iqtisadi dividendlər vəd edir.