Azərbaycanın İstanbuldakı Baş konsulluğu Ümummilli Liderə həsr olunan sərgi təşkil edib

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə İstanbulda tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, mərasim Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Mərasimdə baş konsul Nərminə Mustafayeva, Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Qismət Gözəlov, TDT-nin Ağsaqqallar Şurasının Azərbaycan üzrə ağsaqqalı Həsən Həsənov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi akademik Asəf Hacıyev, "Marmara Qrup" Strateji və Sosial Araşdırmalar Fondunun sədri, professor Akkan Suver, Türkiyənin müxtəlif universitetlərinin rektorları, qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında danışıb, Ulu Öndərin həyatını xalqına, millətinə, Azərbaycanın müstəqilliyi və inkişafına həsr etdiyini vurğulayıblar.

Çıxışçılar Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Mərasim əsnasında ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub, videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan milli musiqisinin nümunələri səsləndirilib.